musiqi

25 Eylül 2014 Perşembe

Ay eşşək...

"Ay eşşək onlar vaxt keçirmək üçündü, ürəyim ki sənindi"- elə indicə bir qızın etirafından oxuduğum cümlələr Azərbaycandakı qızların 90 %i xəyanəti bu təsəlli ilə qəbul edir "ürəyi mənimdi". Əslində məntiqlidir. Yəni ürək qara bazarda yaxşı qiymətə gedən orqandı. Gəlsənizə biraz təhqir və vurulmaq da qəbul edib, "iliyim ki, sənindir" eşidək? İlik ən bahalı orqanımızdı hələki. Heyif ki, beyin satılmadığından, qiymətini bilmirəm. Amma bu baş ki, bizdə var, elə də baha olmaz. Zarafat bir kənara, bir oğlana xəyanət edib, deyil ürəyinizin, bütün daxili orqanlarınızın onun olduğunu desəniz nə olar?  Biraz küsər, deyinər, naz edər və "məni sevir" adi ilə barışar...yazacaqdım, əlim gəlmədi.  ordan bir nəfər "kişi ilə qadın eyni deyil ki" dedi deyəsən. Aha, eyni deyil. Birinin sonuncu xromosom cutu XX şəklindədir, digərinin ki XY. Nə qədər kiçik bir fərq elə deyil? Lakin psixologiyalarındaki, düşüncələrindəki fərq inanılmaz. Həyat yoldaşından xəyanət görən kişi "onsuzda mənimdi, istədiyi qədər gəzsin" düşünməz, döyülən kişi "yaxşı at özünə qamçı vurdurmaz" düşünməz, geyimindən tutmuş, danışığına, getdiyi yerlərə qadağalar qoyulan kişi "sevir ki, qısqanır" deyə düşünməz. Bunlardan birini etdiyiniz an, "mən kişiyəm" deyə qışqırar və ən yaxşı ehtimalla sizi tərk edər. Bəs qadın nə edər? Bir qadın özünə yalan deyər... Bir şeyləri qadağan etmək sevgidən deyil, köləlikdən. Xəyanət etmək sevgidən deyil, köləlikdən. Döymək sevgidən deyil, köləlikdən.
 
Və azadlığın ən böyük düşməni halından məmnun kölələrdir. Hansı halından məmnun kölələr? "qadın azadlığı" deyiləndə ağlına əxlaqsızlıqdan başqa bir şey gəlməyən, qadına şiddəti "yaxşı at özünə qamçı vurdurmaz" eyə dəstəkləyən, xəyanəti "kişidir, edər" deyə açıqlayan kölələr...
Eh daha nələr...nələr...
Yadımdadır, bir dəfə birisi sırf sosial şəbəkədə öz şəklimi qoymuşdum deyə mənə "pozğun" demişdi. Eh, cəmiyyyətin boyunduruğu altına girməyib, saxta "namuslu qız" obrazına bürünmək üçün cürbəcür mənasız qadağalara uymuram təbii. Əksinə, hər yerdə başımı dik tutmaqdır məqsədim. Sırf bir "məni alacaq" uğruna olmadığım bir "yaxşı qız" kimi davranmaq yerinə, sadəcə Cəmilə Məmmədli olmaq da yaxşı bir şey deyil deyəsən. özün olmaq, öz qərarlarını vermək, öz doğrularını seçmək... Daha kiminsə "namusu", "eşşəyi" olmaq istəmirəm mən. Bu mənəm amma, Azrəbaycandaki milyonlarla qadın deyil. Hələ də öz şəxsiyyətini nələrəsə(ki bu çox vaxt məni alacaq düşüncəsi olur) qurban verəcək qadınlar var.
İndi baxıram da, başlıq deyəsən qadınları təhqir edir. Amma bu başlığı mən vermədim, bir qadın verdi. Mənim kimi, sənin kimi bir qadın. Bəlkə də. feministəm deyə qərəzli mövqe tuturam. Ey qadınlar, siz özünüzü alçaldıqca, kişinin köləsi kimi davrandıqca hələ çox eşidəcəksiniz: "Ay eşşək..."

Hiç yorum yok:

Yorum Gönder