Alqernon
üçün güllər.
Deniel kiz.
Bu kitab haqqında
Aybənizin yazısını oxuduqdan sonra onu oxumaq ehtiyacı hiss etdim. Bu elə bir
ehtiyac idi ki, sanki orada yazılan hər kəlməni, hər cümləni, hər hissi, hər
hadisəni anlaya biləcəyimə əmin idim və bu əminliyimi təsdiqləməliydim. Təstiqlədim.
Kitab, Çarli
adındaki İQ-su 68 olan gəncin daha ağıllı olmaq üçün üzərində sınaq keçirilməsinə
razı olmasından və bu sınaq mərhələsində bütün yaşadıqlarını gündəlik halında
yazmasından ibarətdir. Çarli, anası tərəfindən ağıllı olmadığı üçün rədd
edildiyinə inanır və əgər ağıllı olsa, hər şeyin daha yaxşı olacağına, hər kəsin
onu sevəcəyinə əmindir. Bu sınaq isə ən
birinci siçanlar üzərində yoxlanılıb və uğurlu alınan tək sınaq Alqernon adı
siçan üzərində olub. Çarlidə də əməliyyat uğurla keçir və zəkası sürətlə yüksəlməyə
başlayır. Eyni zamanda isə Alqernonun hərəkətlərində qəribəlik hiss olunmağa
başlanır. Alqernon, zəkasını itirir...
Əsərdə əqli cəhətdən
zəifliyi olan insan təsviri çox əla alınıb. Dəfələrlə şahid olduğum saflıq,
dost olmağa çalışma, insanı riqqətə gətirən sonsuz inam. Tək fərqi Çarli,
uşaqlığında yaşadığı və ancaq zəka səviyyəsi yüksəldikcə onda necə izlər
qoyduğunu dərk edəcəyi travmalar sayəsində
“ağıllı olmaq” istəyir. Hə, ağıllı olmaq. Ağıllı olmalıdır ki, anası onu
sevsin. Ağıllı olmalıdır ki, daha çox dostları olsun. Ağıllı olmalıdır ki, o da
hər kəs kimi olsun. Əslində, Çarli olduqca ağıllıdır – zəkanın ən böyük mənfisi
olan “fərqli olduğunu dərk etmə” səviyyəsində ağıllıdır. Elə bu fərqli olduğunu
dərk etmə Çarli əqli cəhətdən geri olduqda da, üstün olduqda da ona əziyyət
verir. Məncə, elə əsərin ana fikri də budur:
çoxluqdan biri deyilsənsə, əzab çəkəcəksən. Çarlinin bəxti onda gətirmişdi
ki, əvvəllər əzab çəkdiyini hiss etmirdi, daha doğrusu, zəkası yüksəlməyə
başlayanda “qəzəb” və “şübhə”ni kəşf edənədək
bunu hiss etmirdi. Qəzəb – onu araya qoyan
uşaqlara, onu qardaşlarına döydürən qıza, köhnə məhəlləsində üst-başını
ifrazatlarına bulayan oğlanlara, dostu hesab etdiyi, əslində onu dolayan iş
yoldaşlarına olan qəzəb. Hər kəsə, hər şeyə olan sonsuz şübhə. Adi bir insanın illər ərzində öyrənəcəyi,
hiss edəcəyi şeyləri bir neçə həftə ərzində yaşayan zavallı Çarli...
Digər bəyəndiyim
nüans isə Çarliyə yazığınızın gəlməməsidir. Yəni, onun uşaq saflığı ilə
yazdıqlarını oxuduqca doğmalaşırsan. Balaca uşağın şirin-şirin danışması kimi
zövq verir adama. Hələ bir Çarlinin durğu işarələrini öyrəndiyi hissədə lap ürəkdən
gülürsən. Əsərin ağırlığı Çarlinin zəkası artıqca başlayır. Onunla bərabər hiss
edir, anlayır, qəzəblənirsən. Və ona acıyırsan... Böyüyürsən. Çarli də böyüyür.
Tək əqli cəhətdən yox, duyğu cəhətdən də. Aşiq olur, qısqanır, ehtirası hiss
edir – Kiçik Çarli isə burada qorxmağa başlayır. “Ağıllı Çarli”nin xanım
Kinniana bəslədiyi hisslər kiçik Çarli üçün elə anlaşılmaz olur ki, onu
dayandırır. Çarlı elə burada əslində dəyişmədiyini, əvvəlki Çarlinin
şüuraltında olduğunu, onu izlədiyni bilir. Lakin o da hər kəsin ona etdiyini
edir – Çarlini aldadır. Fay Lilman ilə münasibəti boyunca kiçik Çarlini qaranlıqda
qoyur, zehnini ona bağlayır. Məncə, əsərin
dönüm nöqtəsi buradır. Indiyə qədər getdikcə özünə edilənləri bağışlamayan
Çarli Qordon bu dəfə özü-özünü rədd edir, qəbullanmır.
Ağır=ağır xatirələrini
dərk etdikcə, kiçik Çarlini anlamağa başlayır. Anası, bacısı, yediyi kötəklər və
anasının niyə onu istəmədiyi... Əslində, yazıçı burada insanların uzun müddətdir
görməzdən gəldikləri, ört-bas etdikləri bir mövzuya toxunur : əqli zəifliyi
olan insanların intim münasibətlər haqqındaki bilgiləri, düşüncələri,
ehtiyacları. Kiçik Çarli ilkin yeniyetməlik dövründə öz cinsiyyətini kəşf etmə
prosesində o qədər anasından kötək yeyir ki, bunun cinayət, qadağa olduğu
hissinə qapılır. Ağıllı Çarli bunu kəşf etdikcə onu anlamağa başlayır. Və kiçik
Çarli ona icazə verir.
Çarli iç
dünyasında keçmiş xatirələri və aldığı travmalar ilə mübarizə etdikcə, xaricdə
də getdikcə daha da ağıllanır. Belə ki, onu əməliyyat edən, ya da onların
dediyi kimi “fərd edən” professorlardan belə ağıllı olur. Onların əslində öz
problemləri, qorxuları, şişirilmiş eqoları olan adi insanlar olduğunu anladıqca
heyrətlənir. Zəkasının ən pik nöqtəsində
isə professor olan “adi adamların” gözündən qaçan dəhşətli gərçəyi kəşf edir –
Zəka yüksəlməsi baqi deyil. Yüksəldiyi sürətdə aşağı düşəcək, hətta əvvəlkindən
aşağı olacaq. Beləcə, qalan az vaxtını
bu araşdırmaya sərf etməyə qərar verir...
Əsərdə toxunulan
digər mövzu Çarlinin xanım Kinniana olan sevgisidir. Məncə, əvvəllər getdiyi əqli
zəiflər üçün məktbədə müəllimə olan Kinniana bəslədiyi sevgidən daha çox, ilk əsil
şəfqət gördüyü qadına bağlılıqdır. Bəlkə də elə buna görədir ki, Çarli Kinnianla
yaxınlaşmağa çalışdıqca onu anası ilə eyniləşdirən və bu cür münasibətlərin “Qadağan!”
olduğunu düşünən kiçik Çarli ona manə olur. Bu münasibət elə Kinnianın özü üçün
də çətindir. Əvvəllər bir şeyi öyrətmək üçün dəfələrlə təkrarlamalı olduğu
insan qarşısında “böyüyür” və ona cavab vermək, təfəkkürünə yetişmək nəinki çətin,
artıq imkansızdır. Aralarındakı münasibəti alovlu eşq yerinə, qarşılıqlı şəfqət
kimi dəyərləndirməyi seçirəm.
Qaranlıq qalan tək
nöqtə Çarli, anası və bacısı arasındaki münasibətdir. Əsər boyunca Çarli xatirələrini
kəşf etdikcə görürük ki, anası Çarlinin bacısına bir zərər verməsi qorxusu ilə
rədd edir. Bu qorxunun səbəbinin fiziki şiddətmi, yoxsa bir başqa şey olduğu
qaranlıq qalır. Bu yazıçının seçimimi, yoxsa anlaşılmayacağını düşündüyü üçün
etdiyi bir ixtisarmı, və yaxud tamamilə təsadüfmü, mənə aydın deyil.
Ümumilikdə əsəri
yüksək qiymətləndirmək olar. Hadisələrə və insanlara Çarlinin gözü ilə baxmaq,
onunla bərabər hiss edib, böyümək təkrarolunmaz hissdir. Mütləq oxunmalı.