musiqi

10 Kasım 2015 Salı

Alcernon üçün güllər. ( Flowers for Algernon)


                  Alqernon üçün güllər.
Deniel kiz.
   Bu kitab haqqında Aybənizin yazısını oxuduqdan sonra onu oxumaq ehtiyacı hiss etdim. Bu elə bir ehtiyac idi ki, sanki orada yazılan hər kəlməni, hər cümləni, hər hissi, hər hadisəni anlaya biləcəyimə əmin idim və bu əminliyimi təsdiqləməliydim. Təstiqlədim.

   Kitab, Çarli adındaki İQ-su 68 olan gəncin daha ağıllı olmaq üçün üzərində sınaq keçirilməsinə razı olmasından və bu sınaq mərhələsində bütün yaşadıqlarını gündəlik halında yazmasından ibarətdir. Çarli, anası tərəfindən ağıllı olmadığı üçün rədd edildiyinə inanır və əgər ağıllı olsa, hər şeyin daha yaxşı olacağına, hər kəsin onu sevəcəyinə əmindir.  Bu sınaq isə ən birinci siçanlar üzərində yoxlanılıb və uğurlu alınan tək sınaq Alqernon adı siçan üzərində olub. Çarlidə də əməliyyat uğurla keçir və zəkası sürətlə yüksəlməyə başlayır. Eyni zamanda isə Alqernonun hərəkətlərində qəribəlik hiss olunmağa başlanır. Alqernon, zəkasını itirir...

   Əsərdə əqli cəhətdən zəifliyi olan insan təsviri çox əla alınıb. Dəfələrlə şahid olduğum saflıq, dost olmağa çalışma, insanı riqqətə gətirən sonsuz inam. Tək fərqi Çarli, uşaqlığında yaşadığı və ancaq zəka səviyyəsi yüksəldikcə onda necə izlər qoyduğunu dərk edəcəyi  travmalar sayəsində “ağıllı olmaq” istəyir. Hə, ağıllı olmaq. Ağıllı olmalıdır ki, anası onu sevsin. Ağıllı olmalıdır ki, daha çox dostları olsun. Ağıllı olmalıdır ki, o da hər kəs kimi olsun. Əslində, Çarli olduqca ağıllıdır – zəkanın ən böyük mənfisi olan “fərqli olduğunu dərk etmə” səviyyəsində ağıllıdır. Elə bu fərqli olduğunu dərk etmə Çarli əqli cəhətdən geri olduqda da, üstün olduqda da ona əziyyət verir. Məncə, elə əsərin ana fikri də budur:  çoxluqdan biri deyilsənsə, əzab çəkəcəksən. Çarlinin bəxti onda gətirmişdi ki, əvvəllər əzab çəkdiyini hiss etmirdi, daha doğrusu, zəkası yüksəlməyə başlayanda  “qəzəb” və “şübhə”ni kəşf edənədək bunu hiss etmirdi.  Qəzəb – onu araya qoyan uşaqlara, onu qardaşlarına döydürən qıza, köhnə məhəlləsində üst-başını ifrazatlarına bulayan oğlanlara, dostu hesab etdiyi, əslində onu dolayan iş yoldaşlarına olan qəzəb. Hər kəsə, hər şeyə olan sonsuz şübhə.  Adi bir insanın illər ərzində öyrənəcəyi, hiss edəcəyi şeyləri bir neçə həftə ərzində yaşayan zavallı Çarli...

    Digər bəyəndiyim nüans isə Çarliyə yazığınızın gəlməməsidir. Yəni, onun uşaq saflığı ilə yazdıqlarını oxuduqca doğmalaşırsan. Balaca uşağın şirin-şirin danışması kimi zövq verir adama. Hələ bir Çarlinin durğu işarələrini öyrəndiyi hissədə lap ürəkdən gülürsən. Əsərin ağırlığı Çarlinin zəkası artıqca başlayır. Onunla bərabər hiss edir, anlayır, qəzəblənirsən. Və ona acıyırsan... Böyüyürsən. Çarli də böyüyür. Tək əqli cəhətdən yox, duyğu cəhətdən də. Aşiq olur, qısqanır, ehtirası hiss edir – Kiçik Çarli isə burada qorxmağa başlayır. “Ağıllı Çarli”nin xanım Kinniana bəslədiyi hisslər kiçik Çarli üçün elə anlaşılmaz olur ki, onu dayandırır. Çarlı elə burada əslində dəyişmədiyini, əvvəlki Çarlinin şüuraltında olduğunu, onu izlədiyni bilir. Lakin o da hər kəsin ona etdiyini edir – Çarlini aldadır. Fay Lilman ilə münasibəti boyunca kiçik Çarlini qaranlıqda qoyur, zehnini  ona bağlayır. Məncə, əsərin dönüm nöqtəsi buradır. Indiyə qədər getdikcə özünə edilənləri bağışlamayan Çarli Qordon bu dəfə özü-özünü rədd edir, qəbullanmır.

    Ağır=ağır xatirələrini dərk etdikcə, kiçik Çarlini anlamağa başlayır. Anası, bacısı, yediyi kötəklər və anasının niyə onu istəmədiyi... Əslində, yazıçı burada insanların uzun müddətdir görməzdən gəldikləri, ört-bas etdikləri bir mövzuya toxunur : əqli zəifliyi olan insanların intim münasibətlər haqqındaki bilgiləri, düşüncələri, ehtiyacları. Kiçik Çarli ilkin yeniyetməlik dövründə öz cinsiyyətini kəşf etmə prosesində o qədər anasından kötək yeyir ki, bunun cinayət, qadağa olduğu hissinə qapılır. Ağıllı Çarli bunu kəşf etdikcə onu anlamağa başlayır. Və kiçik Çarli ona icazə verir.

    Çarli iç dünyasında keçmiş xatirələri və aldığı travmalar ilə mübarizə etdikcə, xaricdə də getdikcə daha da ağıllanır. Belə ki, onu əməliyyat edən, ya da onların dediyi kimi “fərd edən” professorlardan belə ağıllı olur. Onların əslində öz problemləri, qorxuları, şişirilmiş eqoları olan adi insanlar olduğunu anladıqca heyrətlənir.  Zəkasının ən pik nöqtəsində isə professor olan “adi adamların” gözündən qaçan dəhşətli gərçəyi kəşf edir – Zəka yüksəlməsi baqi deyil. Yüksəldiyi sürətdə aşağı düşəcək, hətta əvvəlkindən aşağı olacaq.  Beləcə, qalan az vaxtını bu araşdırmaya sərf etməyə qərar verir...


   Əsərdə toxunulan digər mövzu Çarlinin xanım Kinniana olan sevgisidir. Məncə, əvvəllər getdiyi əqli zəiflər üçün məktbədə müəllimə olan Kinniana bəslədiyi sevgidən daha çox, ilk əsil şəfqət gördüyü qadına bağlılıqdır. Bəlkə də elə buna görədir ki, Çarli Kinnianla yaxınlaşmağa çalışdıqca onu anası ilə eyniləşdirən və bu cür münasibətlərin “Qadağan!” olduğunu düşünən kiçik Çarli ona manə olur. Bu münasibət elə Kinnianın özü üçün də çətindir. Əvvəllər bir şeyi öyrətmək üçün dəfələrlə təkrarlamalı olduğu insan qarşısında “böyüyür” və ona cavab vermək, təfəkkürünə yetişmək nəinki çətin, artıq imkansızdır. Aralarındakı münasibəti alovlu eşq yerinə, qarşılıqlı şəfqət kimi dəyərləndirməyi seçirəm.

   Qaranlıq qalan tək nöqtə Çarli, anası və bacısı arasındaki münasibətdir. Əsər boyunca Çarli xatirələrini kəşf etdikcə görürük ki, anası Çarlinin bacısına bir zərər verməsi qorxusu ilə rədd edir. Bu qorxunun səbəbinin fiziki şiddətmi, yoxsa bir başqa şey olduğu qaranlıq qalır. Bu yazıçının seçimimi, yoxsa anlaşılmayacağını düşündüyü üçün etdiyi bir ixtisarmı, və yaxud tamamilə təsadüfmü, mənə aydın deyil.
   Ümumilikdə əsəri yüksək qiymətləndirmək olar. Hadisələrə və insanlara Çarlinin gözü ilə baxmaq, onunla bərabər hiss edib, böyümək təkrarolunmaz hissdir. Mütləq oxunmalı.



27 Ekim 2015 Salı

Türk serialları

serialların böyük hissəsi bütün televiziya proqramları kimi insanların manqurtlaşdırılmasına xidmət edir. Amma xüsusilə türk seriallara bizlərə daha çox təsir edir. Hə, indi hər oğlana 1.55 boy və tamamilə karizmadan uzaq üzlə əlinə oyuncaq silah alıb, ölümsüz Poladman olmağın mümkünlüyü xəyalını verənləri kənara qoysaq, ən zərərliləri "romantik" seriallar və onların gənc qızların beyinlərinə yeritdiklərinə nəzər salaq:
 
                            adamım məndən daha karizmatik ola bilər, amma baş rol mənəm!


1. sevgiliniz mütləq yaraşıqlı, varlı, əzələli və çox bacarıqlı olmalıdır. narahat olmayın, siz adinin adisi, heç bir xüsusiyyəti olmayan qız olsanız belə o sizə aşiq olmal. Çünki, məsum, saf və əldəyməmişsiniz. yəni,  hardasa min qızdan min beşi kimi.
         
əldəyməmiş ev qızı(təmsili) 

2. Həmin mükəmməl oğlanı çox gözəl, güclü, bacarıqlı və varlı sevgili/nişanlı/həyat yoldaşının əlindən almağınız mümkündü və hətta bu sizin saflığınıza xələl gətirmir, hələ də yaxşı qızsınız. Amma o sizdən geri almağa çalışsa... İfritə, əxlaqsız, tərbiyəsiz!!!
köhnə sevgilisi ( təmsili)

3. Dayanmadan səhv etmək, yıxılmaq, ağzından söz qaçırmaq, nəyisə sındırmaq sizi bədən-beyin kordinasıyasından məhrum gerizekalı yox, sevimli edir.
necə də sevimli...


4. Qeyri-adi gözəl olmasanız da bir parti, bal və ya məclisdə birdən-birə gözəlləşə, hamını kölgədə qoya bilərsiniz. Təbii, bunun üçün başqa qızların sizdən daha pis geyindirilib, qorxunc makyajlar edilməsi lazım gələ  bilər.
hər şey min il əvvəl onunla başladı.



5. Kimsə sizə sataşanda, qəzaya düşəndə, çətinliklə üzləşəndə mütləq əsas oğlanın sizi xilas etməsini gözləməlisiniz. Çünki, o əl-ayaq sizə bəzək olsun deyə verilib. dil haqqında isə danışmağa dəyməz. Beyin?... Sevgili olan yerdə ona nə hacət!
o bir quş, o bir təyyarə...yox, o bir sevgilisini xilasa tələsən sevgili!


6. Əsla xüsusi istedadınız, adam kimi bir işiniz olmamalı. hətta universitetdə oxusanız belə əlinizə kitabı ancaq əsas oğlanla toqquşanda yerə dağılması üçün almalısınız.
ərə getməyin 49 yolu...hmm...


7. Sevgiliniz mütləq bir gecə içib köhnə sevgilisi ilə olacaq və elə bundan qız hamilə qalacaq. çünki, biz insanların bəzən uşaq sahibi ola bilmək üçün illərlə müalicə amaldıqları, qorunma vasitələrinin olmadığı fantastik dünyada yaşayırıq...
aşkım, biz dünən yenə sərxoş olduq...və səkkizinci yoldadı...


8. Siz kasıb olsanız belə sevgiliniz varlıdır. O, indi varlı deyilsə yaxın gələcəkdə mütləq varlı olacaq. Hələ də varlanmırsa, bu öləcək və varlısını tapacaqsınız! Zatən dünyanın 1 %i yox, 99%i varlıdır.
ideal sevgili.


9. Sizin və sevgilinizin dostları mütləq sizdən daha gerizekalı olmalı ki, nə qədər gerizekalı və içi boş olduğunuz üzə çıxmasın.
sizi gözəl və ağıllı göstərmək üçün daha nə etməliyik?!


10. Evləndiyinizdə hər şey xşbəxt sonluqla bitəcək. Ər-arvad davaları, gələcək qayğıları, maddi çatışmamazlıqlar, yeniyetməliyə girən övladlar-filan bunlar dünyamızda yoxdu. bircə evlənin, hər şey mükəmməl olacaq. Evlənin! Evlənin! Evlənməsəniz bir heçsiniz! Evlənin!
xoşbəxt sonluq...!


qeyd: Seriallar sizi gerizeklı edir, əziz gənc qızlar. onların sizə nə öyrətdiklərinə fikir verin və sizin nə qədərinə inandığınıza.

1 Haziran 2015 Pazartesi

Oğlan və qız dostluğu.

əgər, "oğlanla qız dost ola bilməz!" deyən biri isəniz, sizi eyni ilə 3 il əvvəl "qızlar internetə girə bilməz!" və 60 il əvvəl "başı açıq qız fahişədir!" deyən tiplərlə eyni sıraya almaq məcburiyyətindəyəm. bir ara beyninizə upgrade-filan edin canım.

olar, bal kimi olar. təbii, bir çox çətinlikləri var. həyatında bir çox oğlan dostlu olmuş və bəziləri ilə hələ də dostluq edən bir qadın olaraq, bunun çətinliklərini və bu çətinlikləri dəf etmək üçün məsləhətlərimi sizin xidmətinizə verirəm. başlayaq!


1. "aranızda bir şey yoxdu?" - istəyir, ikinizdə evli, hətta, 12 uşaqlı olun, ətrafdan bu sual heç kəsilməyəcək. sanki, bir şadlıq sarayı sahibi, ami oğlusu tamada imiş kimi, həmişə sizi "yaraşdıran" insanlar olacaq. bitmirlər! tək çarə... yoxdur!

deyirsən, sadəcə dostsuz?

2. "mənimlə niyə dost olmursan?"- ikinci ən böyük problem də budur. bir qızın oğlanın salamına "əleyk" deməsini belə açıq qapı görən bəyzadələrimiz, bir oğlanla dostluq etmənizi necə görəcəklər, bir düşünün.

- mənimlə niyə dost olmursan?
-çünki mədəm...öğykk!


3. flirt cəhdləri. - təəssüf ki, oğlanlarımızın əsas proqramlaması qız_tut.exe olduğundan, "dost" dediyimiz haramzada ilk başlarda irişməyə çalışır. tələsməyin, bəyzadə "dost" kəliməsini həzm etdikdən sonra, normal insan övladı olacaq.

4. səmimiyyət dərəcəsi problemi - olduqca asan çarəsi var : Kate Uptonun sinəsi haqqında fikirlərini dinləməmək üçün, Çağatayın adonislərindən danışma birdənəm.


5. maddiyyat - yenə yuxaridakı "qız_tut.exe"dən mütəvəllit, hesabı ödəmək kimi incəliklər(!) edə bilər, aldanmayın əfəndim. 1 ay sonra, oğlanların əsil simicliklərini öyrənəcəksiz, hətta, indiyə qədər xərclədiyi pulu istəməkdən belə zərrə utanmaz, əmin olun.

 



6. var olmayan "qohumluq" - sırf dost  olduğunuzu, əsla başqa gözlə bir-birinizə baxmayacağınızı bildirmək üçün bacı-qardaş deyirsiz ha, manyaksız. dost olmağınız, qarşı cins olduğunuz gərçəyini dəyişdirmir. ən son bir-birinə bacı-qardaş deyənlərin, indi ikinci uşaq gözlədiklərinin şahidiyəm. durub, insesti dəb salmayın əfəndim.

7. ara düzəldən - oğlan dostunuzla default olaraq "mənə qız tap" əmri gəlir. əmr deyirəm, çünki, gündə 238456 dəfə təkrarlanan şey xahiş ola bilməz. tapmasanız, susmaz. tapsanız, iki ehtimal var: 1, qızın sizi qısqanıb, oğlandan əlaqəni kəsməsini istəməsi (kəsər çakal), 2. ayrılıb, sizi günahlandırmaları ( edəcəklər).


8. xoşlanma - qarşı cins olduğunuza görə, yanınızda olan, xoş vaxt keçirdiyiniz birindən xoşlanma normaldır əfəm. amma, tələsməyin. nəticədə, bir ara İsmayıl Ykadan belə xoşlanmış birisiz.


9. məsləhət - oğlan dostunuza görə, qız olduğunuz üçün onun həyatındaki bütün qadınların nə istədiyini BİLİRSİZ! tamamilə fərqli yaşda, düşüncədə və zövqdə olmanız, heç nəyi dəyişdirmir.


10. və son - inam. ailəniz bir dəfə dost olduğunuzu qəbul edəndən sonra, onunla vaxt keçirmənizə bir söz deməyəcək. sevgiliniz isə, ancaq sizin davranışınızla fikrini dəyişdirə bilər. durub, 5 illik dostunuzu 2 aylıq sevgilinin sözü ilə siləcəksəniz, ölün yəni 
bunun ola bilməsi üçün 39845784 il keçməsi lazım, o ayrı.





sonda, oğlan dostunun olmasının müsbət tərəfləri:
görünüşünüzün haqqında ən dürüst fikir ondan gələr.
oğlanlar-dəb-qeybət üçlüyündən fərqli mövzularda söhbət edərsiz.
bilmədiyiniz bir çox "oğlan davranışı"nı öyrənərsiz.
oğlanların ciyərini bilərsiz.
oğlanların sizi yeməyəcəklərini dərk edərsiz.
bol-bol əylənərsiz.

mənfi tərəfləri:
ondan xoşu gələn qızların "öl!" baxışları.
başqalarına "dostuq" deyə açıqlamağa məcbur olmaq.



beləcə, bütün qızlara mütləq bir oğlan dostu olmasını məsləhət bilirəm. düzgün etdikdə və bir-birinizin cinsiyyətini unudub, özünüz olmağa başlayanda dünyanın ən əyləncəli və güclü dostluğu olduğunu siz də görəcəksiz ;)


xo xo.







11 Nisan 2015 Cumartesi

Çalıquşu

Neçə vaxtdır Çalıquşu- Fəridə haqqqında yazmaq istəyirdim. Lakin, bu gün film şənbəsi olduğundan, serialı haqqında yazmaq qərarına gəldim. Bildiyiniz kimi, serialın iki versiyası var: 1986 və 2013. Hər-halda, sarışın və yaşıl gözlü Kamuranı qaraqaş-qaragöz Burak bəyin canlandırdığı və Fəridənin mübarizəsi əvəzinə mıymıntı bir eşq hekayəsinin anlatıldığı 2013 versiyası haqqqında yazacaq halım yoxdur J

 Köhnə- doğma versiyası haqqında yazmaq istəyirəm. serial 1986-cı ildə, TRT kanalının sifarişi ilə çəkilib. Rollarda : Aydan Şener, Kenan Kalav, Sadir Alışık və başqaları var. Serialın unudulmaz musiqiləri Esin Engin imzası daşıyır.  7 bölümdən ibarətdir və öz dövründə Rusiya və bir çox türk dövlətlərində məşhur olmuşdur.
   Serialla kitab arasında kiçik fərqlər var – daha doğrusu, bu fərqlər bütün bir kitabı və 10 ildən çox zaman müddətində baş verən hadisələri 7-cə bölümə sığdırmaq səbəbindəndir. Serialın ilk bölümü Fəridənin xatirələri ilə başlayır : minbaşı olan atasının bitməz bilməz səyahətləri, anasının xəstəliyi, xalasigə gətirilməyi – tək fərqli nuans, bəlkə də Fəridənin “vəhşiliyinin” səbəbi olan ərəb mürəbiyyəsi və atasının çavuşu haqqında danışılmaması.  Sonrasında, Fəridənin yeniyetməlik dövrü başlayır... özünün tamamilə əksi olan Kamuranlı günlər. Onun dilindən desək, Allah Kamuranı səhv yaratmışdı. O, qız, Fəridə oğlan olmalı idi, sonra da Allahın əmri, peyğəmbərin kəbni ilə...
   Burada aktyorların möhtəşəm canlandırmaları insanı əsir edir : Aydan xanım ən az bir Fəridə qədər çılğın idi, Kenan bəy də bir Kamuran qədər soyuqqanlı. Öz rollarını elə ifa edirlər ki, kitabdan çıxmış kimidirlər. O, məşhur yellənçək səhnəsində belə bu hiss olunur – ilk dəfə Fəridəyə meydan oxuyan Kamuran, ilk dəfə Kamurana boyun əyən Fəridə. Və... qara xəbərli qara çarşaflı qadın.

  Sonrasında, Fəridənin azadlığı, ya da əsarəti başlanır. Ömrünü kiçik uşaqlara elm öyrətməklə keçirməyi xəyal edən bu qadın, Xədicə xanımdan ilk dərsini alır : Çarşabını bağla, hocaxanım.
  Sonrasında, hadisələr bir-birini izləyir; Münisə, bağlanan məktəb, köç, “tanrıdan boyalı” üzünə görə çəkdiyi əziyətlər və danışmasam, günah ola bir şəxs – Şeyx Yusuf əfəndi. Hlə kitabda oxuyanda, çaldığı udun səsi qulaqlarımda cingildəyirdi, serialda isə həqiqətən eşitdim. Hər insanı riqqətə gətirəcək bir eşqə malik bu insanın çaldığı musiqi necə olar bilər? Serial bu suala cavab verir.
   Adını “gulbəşəkər” qoyurlar... Nəzmiyyə xanımın oyunu ilə gətirildiyi məclis – kitabında bu səhnə daha çox kədərli, verilsə də, filmində daha dramatik verilib. Dəyişməyən tək şey isə, Fəridənin anlamadığını, uşaq olan Münisənin anlaması idi. əksik olan tək bir şey vardı: “Səni də anam kimi ədəcklərindən qorxdum”
   Qara günlər bitmir əlbəttə; aclıq, səfalət, dedi-qodular və daha min cür bəla. Zeynilər kəndində rastlaşdığı Hayrullah bəyi yenidən gördükdə, bunlar dəyişir. Sadri Alışık bəyin möhtəşəm aktyorluğu bu sevimli qocaya elə can verib ki, insan lap filmə girib, yanaqlarını sıxmaq istəyir J  ikisi də könlünü eyni şeyə : biri kiçik ayıcıqlarını sağaltmağa, diyəri kiçik körpələri öyrətməyə vermiş bu qəlbiqırıq insanlar bir-birinə dəstək olurlar. Elə bir dəstək ki, Fəridənin böyük ağrısından – ana olmadan,övlad itirməsindən sonra əsil ata-qıza çevrilirlər. Lakin, insanlar bunu anlamır, anlamaq istəmir – Xədicə xanımın dediyinə əməl etməmək; başıaçıq Hayrullah bəylə gəzmək, camatın onları bütün fəlakətlərin səbəbi olaraq göstərə bilməsinə bəs edir. Fəridəni bunlar qarşısında tək qoymaq istəməyən Hayrulla bəy, ona evlənməyi təklif edir.
  Getdiyi hər yerdə dəfələrlə, zorla “qadın” olduğu başına qaxılan Fəridə, nə özünün kişi, nə də onun qadın olduğunu ağlına belə gətirməyən bir insan ola biləcəyinə inana bilərdimi? Elə bir adam ki, ölümündən sonra belə onu xoşbəxtliyə itələyir.

Və yenə Fəridə ilə Kamuran. Uşaqlığındakı kimi boynunun arxasına qar, gözlərinə qum doldurmadan, başına daş atmadan da onu incidə, ağrıda bilir Fəridə. Özü bundan qat-qat artıq ağrımamışdımı? Bəlkə də, bunu bildiyindən susur Kamuran. Fəridənin adını ağzına almağa haqqı olmadığını bildiyindən, susur...
  Illərdir ordan-ora savrulmuş, əziyyət çəkmiş, ağır itkilər vermiş bu qadın kiçik bir xoşbəxtliyi özünə rəva bilir ancaq : “mən gülbəşəkəri çox sevdim”...
Sonunun necə olacağını kitabı oxuyanlar bilər. Təbii, serialda son bir azcıq fərqlidir. Mənə qalsa, hər iki sonra əladır. Çünki, son da başlanğıcla eynidir J

Belə, aktyorları, musiqiləri, görüntüləri (ilini nəzərə alsaq, aşağı keyfiyytli olmasını bağışlamaq olar) və möhtışım ssenarisi ilə unudulmaz bir serial. Izləməyinizi məsləhət görürəm. özüm də, bunları yazdığım vaxt, uşaqlığımın en sevimli serialına bir daha nəzər saldım J

25 Şubat 2015 Çarşamba

Bəylərə yaraşıq məsləhətləri...

İnternetdə axtarsan milyonlarla "qadınlara gözəllik məsləhətləri" başlıqlı məqalə tapa bilərsən. bəs, niyə kişilərə yoxdur? nədir bu, pozitiv cinsiyyətçilik, ya da sadəcə "kişi meymundan bir az fərqlənsə bəsdir" düsturunu bu qədər dərin mənimsəmişik? meymunlar demişkən, bunu bir az daha düşününək məncə:

"kişi meymundan bir az fərqləndi, bəsdi" deyənlərə etiraz olaraq doğuldu.


necə deyərlər, çirkin kişi yoxdur, baxımsız kişi var. yox, yox, çirkin kişilər həqiqətən var, amma bir az baxımlı olmaqdan kimsəyə zərər gəlməz. aşağıdaki maddələr sizi bir az daha "adama oxşayan" etmək üçün sıralanmışdır:

1. Əllər. Cənablar, inanmayacaqsınız, amma qadınların da kişilərdə "seksi" hesab etdiyi bəzi yerlər var. nop, düşündüyünüz ən son sıralarda belə deyil. bu qadından qadına dəyişir - əzələli qol, enli kürək, incə bel, çuxurlu çənə, çiyin sümüyünün yaratdığı çuxur, hətta, kiçik bir oturma orqanı - amma, ən dəyişməzi əllərdir. bir kişi nə qədər zəif olursa olsun, nə qədər gücsüz olursa olsun, əlləri həmişə "kişi əli"dir və bu qadınları cəlb edir. indi bir təsəvvür edək: qarşınızda dünya sevimlisi, minnacıq bir qızcığaz var. ondan xoşunuz gəlir, onun sizdən bəlkə də xoşu gəlir və utandığından üzünüzə deyil, aşağı baxır. əmin olun, gizlicə əllərinizə baxırdır o sapık ifritə. amma, o da nə?! gördüyü şey bundan azacıq fərqlənir:
"öküz" sifətini bu qədər də ciddiyə almayın canım...



sizə gedin fransuzki manikur edin demirəm, amma o dırnaqlar nədir? sadəcə həftədə 1 dəfə dırnaqları yegələmək (pilka), dibindəki artıq dəriləri dırnaq yegələrinin xüsüsi ucu ilə təmizləmək və 2 gündən bir əl kremindən istifadə etmək. nədir yəni?


2. Ətir. qızların hər zaman varlı oğlan axtarmasından dəm vurduğunuzu xatırlayırsız? əslində, qızların sizi seçməməsinin səbəbi "ucuz" qoxmanız, ya da ümumiyyətlə qoxmanız. lan bi arada çim! qadın burnu həssas yaradılmışdır, bu səbəbdən bir ətirdən belə təsirlənə bilər. təbii, ən yaxşı ətir bədəniniz təbii feramonudur, lakin, bunun üçün hər gün, hətta, gündə 2 dəfə duş qəbul etməniz gərəkir. beləliklə, illərlə çimmədikləri üçün ətir satışında partlayış edən fransızlara müraciyyət edək : ətir. 5 manatlıq ətir alıb, hər gün Qanq çayının müqəddəs suyu imiş kimi onunla çiməcəyinə, 50 manatlığını al, 3-4 gündən bir işlət. bəzi yüksək keyfiyyətli ətirlər nəinki paltarda 2-3 gün, bəzən aylarla qalır. qeyd: bu eyni paltarı 1 həftə geyinə biləcəyin mənasına gəlmir. hər gün fərqli paltar geyinərək, müxtəlif kombinasıyalar edə bilərsən. bu arada, "it leşi qoxmaq üçün çalışmaq"  adına hər gün çəkdiyin siqarətlərin 2-3 qutusunun puluna, bir antipesperant deodorant al və hər gün istifadə et bir zəhmət.

3. təmiz üz. "kirli saqqal" modasını biz də bilirik, lakin, bu dünyada yenicə təraş edilmiş və odekolanmış bir üz qədər qadını cəlb edəcək çox az şey var - bəlkə 1 külçə qızıl, 20 karat almaz, böyük bir banka nutella. yenə də, "yox, mən 160 boyuma, 120 kilo çəkimə baxmadan, kirli saqqalla Kıvanç olacam" deyirsənsə, burda da diqqətli olmaq lazımdır. məndən deməsi, amma cool olmaqla, sanki nənənin qırxına saqqal saxlayırmışsan kimi görünmək arasında çox incə bir xətt var  və o xəttin adı da "xüsusi başlıqlı ülgüc"dür.

bir gün dəb olacağını bilirdim!


4. biləşik olmayan qaşlar. deyirəm, hazır qıldan-tükdən danışmış ikən, Qafqaz sıra dağları kimi gözünün üstündə kök salmış qaşlardan danışaq? bilirəm, bizim ölkəmizdə oğlanlar istənməyən qılları ilə çox xoşbəxtdirlər! lakin, etiraf edək, heç də xoş bir görüntü deyil. əlbət, bədənindəki qılları insanın şəxsi mülkiyyətidir və kimsə onlardan qurtulmağı şərt qoya bilməz. lakin, bığlı qızlar necə qardaşınızdırsa, qaşları birləşik oğlanlar da Qafqaz sıra dağlarının alt çoxluğudur! nə isə, həqiqətən pis görüntü varsa və bundan qurtulmaq istəyirsinizsə, bu işə dərinizin rəngi o tüklərin getdiyi yerin kosmosdan görünəcək qədər ton fərqi olmayacaq bir vaxtda- qışda başlamaq məsləhətdir. birdən birə deyil, yavaş-yavaş etsəniz, dostlarınız bir olan qaşınızın necə 2 olduğunu anlamayacaq belə. anlayan olarsa, bialogiyadakı "bölünərək çoxalma" hadisəsini izah edin, getsin!

5. geyim. etiraf edək, qızlarımız kimi oğlanlarımız da öz bədənlərini tanımırlar. axır vaxtlar bir çox şeyin dəb olduğunu bilirəm, lakin, hər dəb olanı da əyninizə keçirməyin canım! 2 il əvvəlki dar şalvar modasındaki əyri qılçalarınızın görüntüsü... tanrım, o nəydi elə?! dəb durmadan dəyişir və internet sayəsində onu izləmək çox asandır, lakin, bəzi nüanslar var: enli kürək və sinə əzələli biri deyilsəniz, "v" yaxa sviterləri unudun bir zəhmət. o sviterlərlə "cool"dan çox, alman əsir düşərgəsi qaçqınına bənzəyirsiniz. ondansa, hər zaman dəbli və "cool" görünən "t-shirt üstünə köynək" kombinasıyasından istifadə edin. rənglərdən qorxmayın, lakin, ağartmayın da. LBGT bayrağı kimi gəzmək əsla dəb olmayacaq. bir də, əgər küçəyə çıxdığınızda 15 həmcinsinizdən 10-u ilə eyni geyindiyinizi gördünüzsə, paltarınızı dəyişin. yox, 15 əkscinsinizin 10-u ilə eyni geyindinizsə... Your life, your choice...

6 . ayaqlar -ah bu qoxular. kişilərin böyük qisminin ayağı qoxuyur. bunun səbəbləri geydirmə ayaqqabıdan tutmuş, Sahara səhrasından daha nadir su görən ayaqlara qədər dəyişir. bir neçə məsləhət: sintetik corablardan istifadə etməyin. bir az baha olsalar da, mütləq pambıq corablar seçin. ev corabınızla, "gəzmək" corabınız fərqli olsun. hər dəfə ayaqqabını mütləq təmiz corabla geyin. ayaqqabıları istifadədən sonra içini silin və qutusundan çıxan o kiçik paketləri içinə yerləşdirin, ya da ayaqqabını qutusuna qoyun. (çölünü də silin lan ayaqqabının) ən əsası: ayaqlarınızı tez-tez yuyun və yuduqdan sonra mütləq barmaq aralarını yaxşıca qurulayın.


7. saçlar. Dəlləkləri unudun. bacımın onların saç kəsimi haqqında gözəl bir deyimi var: xotəyə bənzətmək. ciddən, 9 yaşında deyilsəniz, artıq o klassik dəllək saç kəsimindən əl çəkməlisiniz. jurnalları qarışdırın, internətdə araşdırın, özünüzü peşəkar bir bərbərə əmanət edin - bir şəkildə yaşınıza, tərzinizə və dəbə uyğun saç düzümünüz olsun. istəsəniz, boyaya belə bilərsiniz. millətin nə deyəcəyindən çəkinməyin. araya qoyan olsa, mərcdə uduzduğunuzu deyərsiniz.

buna "kişiyə oxşamır" deyib, gülə biləcək oğul axtarıram.


8. ağız sağlamlığı. çəkdin o lənət siqaretləri, qəlyanı, yedin sarımsaqlı-soğanlı yeməkləri, indi dişlərin bir italyan qızılı, ağızın rahiyəsi isə leş yeyən quşları cəlb edir, hə? dişləri fırçalamaq yetmir ki, elə biz də gündə 2 dəfə iş fırçalayan millət deyilik. bir düşün, ya bir qızla birdən öpüşməli oldun? şaka, məzələnirəm. Bura, Azərbaycan qadası, burada bir qızı öpəcəyindən 6 ay əvvəl xəbərin olur, 3 ay əvvəldən planlayırsan və 2 il əvvəldən yalvarmağa başlayırsan. yenə də, ağız sağlamlığı vacibdir. saqqızlar sadəcə qısa müddətli bir çarədir. çünki, uzun müddətli istifadə madə şirəsinin vaxtsız ifrazı səbəbi ilə ağızdan pis qoxular gəlməsinə səbbə olur. dişləri hər gün fırçalama, yeməkdən sonra ağız yaxalama, ildə 2 dəfə diş həkiminə getmə və diş aralarını təmizləyərkən, metal əşyalardan ( iynə, məftil, kağız qısqacı və hətta açar!) yox, ipdən istifadə etmək lazımdır. bir də, qoxunu aparmaq üçün saqqızdansa. nanənin özü və ya quru çaydan istifadə edin. çeynəyin çocuğum.


9. aksesuar. bircə qol saatı və kəmər ilə canınızı qurtardınız deyək, o boğazdaki zəncir nə?! aksesuarlar sadəcə qadına məxsus bir sahə deyil. həqiqətən, zövqlü seçilmiş bir aksesuar kişini cəlbedici edə bilər. lakin, "zövq" ayaqqabı ilə eyni rəng kəmər və ala biləcəyiniz ən bahalı saatla olmur canlar. geyimə, tərzə və dəbə uyğundur. məsələn, tarixi çox qədim olan sırğalar son onillikdə dəbdədir. düzgün və yerində istifadə edildikdə, kişilərə də çox yaraşıq. əsas məsələ bununla
bunun

arasındakı fərqi bilmək və görə bilməkdir. əmin olun, qadınlar o fərqi görə bilir. təbiətdə canlıların böyük hissəsində erkəyi dişisindən gözəldir. səbəbi bəsit: dişiləri cəlb etmək. bu səbəbdən də, özünüzə baxmaqdan, bir növ "bəzək-düzək" verməkdən çəkinməyin. əslində, təbiət ananın gözündə bu sizi daha çox kişi edir :) başqaları kimin vecinə?

10. əgər kişiləri yaraşıqlı edən xüsusiyyətlərdən danışırıqsa, burda ilk maddə olmalı olan bir şey var : özünə inam. təbii, bu "mən kişiyəm, deməlim hər şeyi bilirəm, bacarıram və anlayıram" səfehliyi olan içi boş bir özünə inam deyil. bu, bacardığıınız, bildiyiniz və ya sevdiyiniz şeylərə olan inamdan qaynaqlanmalı. istər bu gözəl mahnı oxumaq olsun, istər mükəmməl bir kitabxanaya sahib olmaq, və ya yaxşı bir janqlyorluq qabiliyyəti. hətta, bu özünüzün qazandığı var-dövlətdə ola bilər. bəsit riyazi hesablama cənablar: özünə inam = daha çox feramon ifrazı + daha çox testestoron ifrazına bağlı "gözəlləşmə" = cazibədarlıq ;)

bu qədər. be peaceful.


18 Ocak 2015 Pazar

Yüz illik tənhalıq


Yüz illik tenhalıq...
Bir xanım məndən bu əsəri oxuyub, bir esse yazmağımı istədiyində, ağlımdan keçən ilk cümlə “ hay, təkcə bu olmasın...” olmuşdu. Çünki, prinsipial olaraq populyar olan, ya da yüksək ədəbi qiyməti olan kitabları oxumuram. Bu, “çılpaq kral” nağılının mənə öyrətdiyi bir şeydir. Etiraf edək, heç birimiz o nağıldaki uşaq qədər cəsur və özünəməxsus ola bilmərik. Elə mən də, əsəri oxuduqca nobel mükafatına layiq nüanslar axtardığımı və tapmadıqda öz ədəbi bilgimi sorğuladığımı etiraf edirəm. yenə də, bitirdim...
 Mənə kitabı 1 cümlə ilə izah etməmi söyləsəniz, sizə bunu deyərəm: oxudum, oxudum və oxudum.
Bəli, mən bu əsəri oxudum. Təəccüblənmədən, sevinmədən, kədərlənmədən, bu qədər əxlaqsızlığın, pedofilinin, ensestin və qətliamın qarşısında dəhşətə gəlmədən və hətta, növbəti səhifə də nə olduğunu zərrə maraqlanmadan oxudum. Bu sanki, həyat kimi idi... və, əslində bu əsərdə məncə həyatı yaşayan – həyatı mənim kimi yaşayan tək obraz Ursula idi. eynən onun səbri, güclülüyü və vecsizliyi ilə bitirdim bu əsəri. Düşündüm? Yox, düşünmədim. Çünki, həyatın özünü yaşarkən, onun haqqında düşünmək necə mənasızdırsa, dünyada məhz Macondo kimi bir kənd, Buendiolar kimi bir ailə olduğuna məni inandıran əsər haqqında düşünmək əbəsdir məncə. Bəli, elə bir yer var və o yerin taleyi elə əsərdə yazılan kimi olmalı idi.

Sonra, ağlıma gəldi, Macondanın çöküşü nə zaman başladı? Ilk Jose Arcadio yaratmaq eşqindən əl çəkib, Melquiadesin əlyazmalarına gömüldüyü gün, ya da Zabit Aourilianonun öz olmayan idealını unudub, tam bir əsgər olduğunda, bəlkə də banan fabrikin  qurulduğu gün? Əslində, Macondo o=xalqına elmin yeniliklərini öyrədən Melquiadesin qaraçı dəstəsinin yox, buzu möcüzəvi bir şeymiş kimi təqdim edən sirkin gəldiyi gün çökməyə başladı... Bu bəsit, dünyadan xəbərsiz, bir ölünün belə olmadığı kənd, o andan etibarən boş əyləncəni tanıdı, dini tanıdı, dövləti tanıdı, müharibəni tanıdı, kapitalizmi tanıdı və çökdü... Macondo, onun qurucusu Buendiolar kimi yox oldu.

Beynimə ilişən, bir nüans isə, niyə yalnızca Zabit Aurelionun və o gənc zabit zamanın bir anının donub qaldığı Melquiadesin otağını çirkli və köhnəlmiş gördüyüdür. Ikisinin də əsgər olması bir təsadüfmü, yoxsa yazıçın bir insanın həyatını asanlıqla ala bilənləri insanlıqdan kənar görməsinin bir nəticəsimi? Mən ikincisi olmasına ümid edirəm.

Bu əsərdə tüklərimi ürpədən bir cümlə varsa, o da “Mən Ərəb yarımadasının sahillərində quru qızdırmadan öldüm”- cümləsidir. əsər boyunca haqqında ən az şey bildiyiniz - Zabitin 17 Aurilianosundan belə daha az tanıdığınız – obrazı, sonunda necə yaxşı tanıdığınızı anladıqda tüklərinizi ürpərdər bu cümlə. Çünki, onun biildiklərini siz də bildiniz. Sətri sətrinə, kəlməsi kəlməsinə və son səhifəni çevirdikdə, bütün bildikləriniz uçub, getdi.

Etiraf edirəm ki, mən heç bir obrazı tanımadım, anlamadım, sevmədim və nifrət etmədim. Amma, heç birini də yadırğamadım. Axı, dedim, Macondo mənə görə var idi, elə bu qəribə taleli Buendioların olduğu kimi. Bəlkə, bir gün, 30-40 ildən sonra geriyə baxacam və həyatımın axışının bu əsərdəkindən çox da fərqlənmədiyini anlayacam. Sadəcə adlar, yaşananlar və məkanlar fərqli olacaq... Ümid edirəm, əsla bunu dərk edəcək yetkinliyə və ya yaşa çatmaram.

Əsər haqqındaki şəxsi düşüncələrimə gəldikdə: mənim tərzim deyildi və heç sevmədim. Hələ ki, bir daha oxumamağı düşünürəm. az qala, nifrət etdiyim melanxoliyaya yuvarladacaqdı məni.  Gərəksiz tək bir hissə görməsəm də, obrazların hislərinin bu qədər meşşanlaşdırılması xoş olmadı mənə. Insanın aliliyinə sitayiş edənlərdən deyiləm, amma insanların özünəməxsusluğu olmalı olduğunu düşünürəm. sevdiyim obraz olmadı, hələ ki, həyatıma və ya düşüncələrimə yön verəcək bir fikir də çıxmadı, lakin, sıxılmadım da.

Bir tək, Pilar Ternera olmasaymış, Buendiolar 3 nəsil əvvəl tükənəcəkmiş və Aureliano və Josa Arcadiolardan bezdim.  Sonda , sırf ömür boyu tanıya biləcəyim bir Aureliano və ya Arcadioya “soyadınız Buendiodur?” deyə soruşmaqdan xilas etdikləri üçün, qarışqalara təşəkkür belə etdim.
Son olaraq: ağır və əzici bir əsər olduğunu düşünürəm. yeniyetmlərə, şəxsi düşüncə forması yaranmayıb, oxuduqlarının təsirinə düşənlərə oxumamalarını şiddətlə tövsiyyə edirəm.  xoş, o tip insanlar özlərini başqalarından daha ağıllı hesab etdiyindən, yenə oxuyacaqlar və mən bunu boşa yazdım.  Mən isə, bu əsəri yaxşıca bişməsi və mənə lazım olanlar qalanadək qaynaması üçün beynimin uzaq bir küncünə itələdim.

Hər kəsə xoş mütailələr.


öpdüm, öpdüm: bu aralar "entel" takılan Cəmilə

13 Ocak 2015 Salı

Monte Kristo kontu

                                   

 Monte Kristo kontu
Hardasa, 2 həftə əvvəl televiziyada bir filmin başldadı və mən adını səsli şəkildə oxudum: Monte Kristo kontu.  Atam, bu adın tanış gəlib- gəlmədiyini soruşdu. Bir kitab adı olduğunu bildiyimi və böyük ehtimalla oxumadığımı dedim. Atam əsəri oxuduğunu deyib, ümumi məzmunu danışmağa başlayanda isə, onu dayandırıb “ bu insan həpsxanadan qaçmaq üçün ölü birinin  yerinə keçmir ki? Sonra, onu dənizə atırlar?.”, “bəs oxumamışdın?” –dedi atam və mən hələ də əvvəllər oxumadığımı düşünürəm. bu hissəsini necə bildiyimi isə, anlaya bilmirəm. elə həmin gün, pdf versiyasını yüklədim və oxumağa başladım. 1 saat əvvəl bitdi...

Bir intiqam hekayəsidir bu. Uzun, bəzən cansıxıcı və insanı təəccübləndirən bir intiqam hekayəsi. Gənc, dəli-dolu və nəşəli bir dənizçi olan Edmond Danteslə başlayır əsər. Atasını sevən, Mersedesə aşiq, cəmi 1 dəfə kapitanı ola bildiyi “Firon”un anbarında qaçaqmal bir qutu tütün, bir neçə top parçada gətirməkdən başqa bir cinayət işləməmiş bu məsum adam. Sonra, bu adam xəyanətə uğrayır. Onu 14 il İf köşkünə həbs edən 3 nəfərin paxıllığı və 1 nəfərin hərisliyidir. Öncə ölmək istəyir Dantes, sonra isə intiqam... Ona yaşama ümidini verən də,  içindəki intiqam odunun yanmasına da səbəb olan da dəli keşiş Faria olur. Bəlkə, Edmondun edəcəklərini bilsəydi, illərdir kimsəyi var olduğuna inandıra bilmədiyi xəzinəsini ona verməzdi, onsuzda ən qiymətli xəzinəsini- bilgisini vermişdi axı!

  Əsərin başından dəstəklədiyim Edmond Dantes ölür və yerinə əsərin sonuna qədər anlaya bilmədiyim Monte Kristo kontu gəlir. Elə hər şey burda başlayır...  sadəcə kiçik bir paxıllığın qurbanı olan bu adam, bu dəfə onu arxadan bıçaqlayanların qarşısına güclü, varlı və şeytanı belə aldadacaq qədər hiyləgər olaraq dikilir. Özünün sözü ilə desək “ əllərimə öldürməyi öyrətdim, gözlərimə onlar əzab çəkərkən izləməyi öyrətdim və dodaqlarıma onların bu əziyyətləri qarşısında gülümsəməyi öyrətdim”. Bəzən bu zalımlıq, onun özünü belə təəccübləndirdi. əsəri oxuyarkən, 2 fəsil əvvəl nəyə yaradığını bilmədiyin addımın, insanın belə intiqamı üçün bir alət olduğunu anlayırsan... sona yaxınlaşdıqca, özümə tez-tez bu sualı verdim : Edmond Dantes haradadır?. Çünki, bu başqa biri idi...

Əsər haqqında fikirlərimə gəldikdə, məni ən çox heyran edən o dövrün əsərlərində olduqca nadir görünən qadın obrazların rəngarəngliyi oldu. Klassik romantik romanların bilinən “əzab çəkən məsum” Valentinedən tutmuş, öz egosu, cəsarəti və kişi xisləti ilə bir az özümü gördüyüm Eugine,( bu arada, madmazal d”Armilly ilə münasibətləri məni şübhəyə salmadı, deyə bilmərəm) həm canavar, həm ana ola bilən madam Villefort, Coderoussonun cəmi bir dəfə görünən və yenə də məni dəhşətə gətirə bilən arvadı və daha digərləri. Bunun əksinə olaraq, kişi obrazları daha solğun idi. tam bir ana uşağı olan Albert, varlığının bir dəyəri olmayan Franz, həssaslığını heç sevmədiyim Maximilen və digərləri. ən çox sevdiyi obrazlar isə, nə qədər  əsas hadisələrdən uzaq qalsalar belə Noirter və Beauchamp oldu.

əsər, mənim əlimdəki versiyası 1350 səhifədir və etiraf edim ki, ortaları bir az sıxıcı keçir. Son 300 səhifəsini isə 3-4 saat dayanmadan oxudum. Başlanğıcı necə sakit idisə, sonu da bir o qədər səssiz oldu. Monte Kristo kontu xoşbəxt ola bildimi? Bu sualın cavabını indi verə bilmərəm. Çünki, mənə görə, ancaq o, nəşəli Edmond Dantes xoşbəxt ola bilərdi, bu qəlbini intiqam alovu qarsımış insan isə, nə qədər yaxşılıq etmişsə etsin, əsla tam olaraq xoşbəxt ola bilməz. Bu əsərin mənə öyrətdiyi bir şey varsa, o da ümidsizliyin içində yenidən doğulan insanların nə qədər qorxunc ola biləcəyidir.  O qədər qorxunc ki, məzlum ikən, zalım ola biləcək...

məncə oxunmalı əsərlər siyahısındadır, hətta, mütləq oxunmalı.


Qeyd: bu kitabı bir növ “silah gücünə” bitirdim. Bu 2 həftədə “ süpermen türk olsaydı pelerini annesi bağlardı” və “cahillikler kitabı”nı belə bitirmişkən, gündə 50 səhifə ondan oxumağa özümü məcbur edirdim. Sadəcə, bu qədər çox səhifəsi olan bir kitabın bitməsini istəmirdim deyəsən. Çünki, sonun məni əsla təmin edə bilməyəcəyini düşünürdüm. Indi isə, bundan daha uyğun bir son düşünə bilmirəm.