musiqi

25 Eylül 2014 Perşembe

Kim Jea Joong


biraz mənim uzaq şərq marağıma da toxunaq. bu cənabımız Cənubi koreyalı idol Kim Jea Joong. təbii ki, ölkəmizin oğlan aktyor-kişi bölməsi "evli-uşaqlı-göbəkli" tiplərdən ibarət olduğundan, idol kəliməsi bizə yaddır. qısaca açıqlasam: görüntüsü və tərzi ilə örnək ola biləcək və bəzi istedadları olan gənclər. ah keşkə bizim idol anlayışından bixəbər olmamızın səbəbi tamamı ilə sənətə qiymət verməyimiz olsaydı... ah...  nə isə. bəyimiz həm müğənni, həm də aktyordur. toy qiyməti...nə deyirəm mən, müğənnilik anlayışım toyla bir bağ qurdu yenə. K-pop-rock tərzində ifa edir ki, bu da Korean pop deməkdir. etiraf etməliyəm ki, rocka həsrət diyarımıza hava-su kimi gələcək tərzdə oxusa da, dunya standartlarında "mükəmməl" sayılmaz.
ki bura da gorə biləcəksiniz.


26.02.1986 tarixində dünyaya gəlmişdir, amma məndən cavan görünür. lakin yenə də hər bir koreyalı kimi "oppa"mdır. ilk fəaliyyəti orginal bir qrup olan "TVXQ" da olmuşdur. bilməyənlərin nəzərinə: Koraya, Yaponiya, Tayvan kimi ölkərdə, yəni bizim deyimimizlə "kitay"larda solo fəaliyyət ancaq özünü təsdiqlədikdən və ya qocaldıqdan sonra olur. hardasa bütün idolları qruplardan çıxmışdır. nə isə, bəzi səbəblərdən qrupun üzvləri dağıldıqdan sonra, bir qismi yeniden "JYJ" adlı qrup qurdu ki, cənabımız hələ də orda çıxış edir.
müğənniliyi pis deyildir. səsi, səhnə hərəkətləri və görünüşü haqqında danışmaq belə istəmirəm.

lakin... lakin hər idolun baş vurduğu aktyorluq bəyimizə yaraşmır. yəni sadəcə "protect the boss" adlı serialdan və "chakkal is coming" adlı filminin fraqmanlarından izlədim, amma mimika verə bilmir... eh, hər gözəlin bir eybi misalı heç bu qədər yerində olmamışdı. bəli, aktyorluq qabiliyyəti zəifdir.


mənim üçün problem deyil, kadrda olsun da, heç ifadə verməsin- deyir ürəyim, lakin sənətə olan hörmətim bizim sənatkarların qarşısında baş əyir. "gəncdir, öyrənər" demək istərdim, aktyorluğun fitri istedad olduğunu bizə isbatlayan sənətkarlarımız qara torpağın altındaykən bu ağ olar...

bağışla oppa, mən dahilər yurdunda böyümüşəm....


mövzuya geri dönsək, musiqisi və tam idola yaraşır hərəkətləri ilə məndən bir "+5" almış oppamız. həqiqətən də bizim şou-biznesin də idol anlayışına ehtiyacı var. bəlkə o zaman "biznes", "şou" deyən də "toy" yox, konsertlər, şou-proqramlar düşünülər. gəncliyimizin mahnıları "maral maral", "kəsib tökəcəm damarları" deyil, rock, ən azından hip-hop olar. gənclik dediyin fanatlıq, hansısa aktyora-müğənniyə vurulma, posterlərə pul tökmə olaraq yad da qalmalıdır, elə deyil? 
son söz olaraq oppamız mənim "kawai&hatsue" kateqoriyasına yapon dilini bilmədiyinizi ümid edərək əlavə etdiyim biridir. burdan ona uğurlar diləyir və məsafə səbəbi ilə əl sallayıram :)


Qızdadır günah

                                      

canım vətənimin hər guşəsində eşidə biləcəyiniz bir deyimdir. bir atalar sözü, hətda məsəl olduğu düşünülsə də, sadəcə cəhalətin və patriarxiyanın sərhədsiz olduğunu bizə
 isbat etmək üçün yad planetliler tərəfindən dünyamıza gətirildiyini düşünürəm. yox. buna səbəb məntiqsiz olması deyil. yəni əgər bir qadın cinayət işləmişsə,hakimin toxmağı vurub "qadındadır günah" deməsi və mənim "ohaa, bunları əzbərdən bilir?!" nidama səbəb olan maddələri sayması məntiqlidir. amma... Sizə bir-iki əmmanı örnəklərlə göstərim:
örnək 1: məkan Azərbaycan, qardaşı evdə tək olan bacısına təcavüz edib və bir insanın bu mövzudaki şərhi: qız bilir ki, qardaşı oğraşdı. niyə hamı toya gedibsə o da getməyib? qızında günahı var. (!)
örnək 2: qaynı hamamdan çıxıb qardaşı arvadına təcavuz etməyə cəhd edib. lakin qadın özünü xilas edə bilib. polisə şikayət edib və heç məqaləni tam oxumağa tənəzzül belə etməyən insanın şərhi: evdə qaynı ola-ola niyə hamamdan dəsmala bürünüb çıxıb ki? elə etməməliydi. evdə kişi xeylağı var.(!)

yuxarıdaki örnəklərin 20 illik həyatım boyunca eşitdiyimi demək istərdim, lakin bunlar sadəcə son 2 həftədə sosial şəbəkələrdə gördüklərimdir. sosial şəbəkə? ah, o hər kəsin qanadları yonulmuş mələk, Kəlməyi-Şəhadəti bilməyən imam, Darvinin ilk adını bilməyən ateist-təkamülçü, oğurladığı tək şey qonşunun alması olan "vorzakon", ruhu fahişəykən, özü əxlaq dedaktoru olan insanların bol-bol olduğu bir yer . mövzumuza qayıtsaq, millətimizin "qızdadı günah" deməyi necə sevdiyini və hər söhbətə öz əxlaqlı, tərbiyəli şəxsiyyətini isbat etmək üçün necə soxuşdurduğunu anladıq. ən acınacaqlısı nədir? yuxarıdaki şərhlər qadınların idi. "sapı özümüzdən olan baltalar...".

bu "yaxşı qız" sendromu ilə, "mən müqəddəs bakirə axtarıram, özüm vecsiz və bir işə yaramayan fersiz olsam da" psixologiyasının dərinlərinə enmək istərdim, lakin yenə "mentalitet" adı altında, əslində milli mentalitetimizə zidd olan çürük bir şeylər çıxacaq ortaya. niyə zidd? nağıllarımız, dastanlarımız, nəğmələrimiz... bizə sevginin, sevilməyin iki tərəfli olduğunu anlatmırmı? "namus"un sadəcə qadınların cinsi orqanı olmadığını, kişilərin də qorumalı olduğu bir şey olduğunu demirmi? aa, qorumaq dediysəm qadınları boş buraxsaq fahişə olacaq bir əxlaqsız kimi görmək əvəzinə, hər gördüyü qadına əxlaqsız kimi baxmamağı nəzərdə tuturam. o, bu biraz çətin oldu hə?


"qızdadı günah"- bu cümləni hər eşitdiyimdə, deyən insana nifrət yaranır məndə. bir qız olduğumdanmı, yoxsa oğlanları iffət-namus-ağıl abidəsi hesab edib, əslində oğlanların günahı olan hər zibili qadınların qanı ilə təmizləməyə çalışan bir cəmiyyətdə yaşadığımdanmı bilmirəm. bir cəmiyyətdəki təcavüz belə "qızdadı günah" deyə açıqlanır...bir təcavüzdə qadında günah necə ola bilər? içkisinə afrodizyak qatdığı kişinin qabağında striptizmi oynadı? digər bir ironiya isə, bir kişi qadını öldürsə bəhanə hazır-namus üstündə. o dəqiqə böyük ehtimalla heç bir günahı olamayan qadına lənətlər yağırıb, əslində cinayatkər alçaqdan başqa bir şey olmayan kişiyə medal taxan minlərlə "əxlaq keşikçiləri" tapılacaq. ay "namus" anlayışının başına döndüyüm millətim, o xəyanəti kişi edən də, "kişidi, edər" deyəndə bu səbəbdən, ya da bəhanədən öldürülən qadınlara etdiyiniz lənətlər boğazınızda düyümlənmir? vicdanınızı sızlatmır?hər şey cəhənnəm, bari utanırsınızmı? aha, " kişiylə qadın eyni deyil ki" deyə düşünüyünüzü süper güclərimlə hiss edirəm, ya da bu ürək bulandıran fikiri az qala hər kəsdən eşitdiyimdən təxmin etdim.

 bir sual: o fərq nədi? mənə "qıfıl-açar", "adına söz gələr" kimi çeynənmiş, hətda qusulmuş açıqlamalar etməyin. çünki 1. dünyanın hər yerində 1 açar, yalnız bir qıfılı açmaq üçün istehsal edilir və 2. elə adına söz çıxaran sən və sənin kimi başqasının həyatına burnunu soxmağı sevənlərdi. bəli, sən!

                                

indi mənə başqalarının sözlərini tutuquşu kimi təkrar etmədən kişi ilə qadının fərqini açıqla. fiziki demirəm, mənəvi. necə olurki, "namus" ancaq qadında olur və ancaq qadınınki kirlənir? ən əxlaqsız oğlanla həqiqətən təmiz və saf olan qız eyni seviyyədə tutulur? necə olurki, qadının ətəyinin ölçüsünü arxasını güdüb, əlində xətkeş ölçən millətim, bir qadın günahsız yerə döyüləndə susur? necə olur ki,  15 yaşında sevgilisi olan qıza "quş" deyən vətəndaş, 15 yaşlı qızın toyuna əlində xonça gedir? necə olur ki, oğlanın 2, hətda 3 "fırlatdığı" olanda fərəhdən göylərə uçan, mədal taxan millətim, qızın tək sevdiyi olanda ağzını açıb, vicdanını bağlayır? ( bu sonuncu məntiqsizlikdən bələ kənara çıxıb. nə? qızların sevgilisi olmasın, oğlanların olsun. o zaman məntiqən...oğlanlar bir-biri ilə...tövbə Estağfrullah)


 bunun haqqında daha çox yaza bilərəm, lakin deyildiyi kimi : hər kəs sadəcə görmək istədiyini görər. kimi 1 cümlə yazsan anlar, kimi saatlarla açıqlasan " qız uşağı elə şeylər bilməz. evdə qalasan, alan olmayacaq səni" deyib keçər. xoş, 21-ci əsrdə hələ də, qadınların mal kimi "alınması" ironiyadan çox acı reallıqdır da. son da qızda deyil günah deyirəm. cəmiyyətimizdəki əxlaqsızlığın səbəbi nə qızların internətə girməsi, nə evdən çıxması, nə oxuması, nə dəgeyimləri, sevgililəri olması heç deyil- səbəb sənsən. sən, mən, o və milyonlarla olan millətim. bir-birimizi etiketləməyi, qeybət etməyi, öz qüsurlarımızı görmədən, başqalarınınkini əlda bayraq etməyi elə sevirik ki... əxlaq, namus bədənimizin erogen bölgələrində deyil, beynimizdə, ruhumuzdadır. kimin nə yaşadığını, nə baş verdiyini bilmədən, sadəcə kimdənsə eşitdiklərimizə kiməsə "namussuz" damğası vururuq, əxlaqı ətək boyu, internetə girmə və s.ilə ölçəcək qədər ucuzlaşdırırıq. qızlarımı evə kilidləyərək, ya da hər şeyi qadağan edərək ilk əldə etdiyi fürsətdə "azad"lığını yanlış dəyərləndirən qızlar, çürük düşüncələr sayəsində beynini korlayıb, hər gördüyü qıza yeyəcəkmiş kimi baxan oğlanlar yetişdirik. günah səndədir, günah məndədir- günah bizdədir....


 
sonda biraz təbəssüm. çox sevdiyim serial+film olan "shiritsu bakaleya koukou"-da olmayan, lakin əyləncəli olsun deyə düzəldilən caps.  siz deyin bu sadəcə mənim zarafat anlayışım, mən deyim qadın cinsiyyət olaraq oğlanlar üçün yaradılmadığını, hormonları, şəhvətləri olduğunu bilməyən  oğlanlarımıza yaraşan bir ironiya :)

Axmaq-Ağıllı

Axmaq  insanlar- həmişə bizdən, səndən, məndən fərqli insanlardır hə? O zaman axmaqlar kimidir? Ən əsası-ağıllılar kimdir?

 əgər bir materyalistsənsə, bütün ilahiyatçılar, din adamları sənin üçün axmaqdır. əgər ilahıyatçısansa, materyalistlər.
Əgər savadlısansa bütün savadsızlar sənin üçün axmaqdır. Əgər savadsızsansa, bütün savadlılar.
Əgər yoxsulsansa, bütün varlılar sənin üçün axmaqdır. əgər varlısansa, bütün yoxsullar.
  Diqqət etdinmi? “axmaqlar” sadəcə səndən fərqli olanlardır. Bir şəhərli niyə kəndlini “çuşka” adlandırar? Ya da bir kəndi niyə bütün şəhərliləri burnu havada sanar? Bir hicablı bütün qısa və açıq geyinənlərə nifrət edər, qısa geyinənlər də hicablıya. Aha, indi sənin beynində “əlbətdəki hicablı haqlıdır, o Allahın əmrini yerinə yetirir” cavabı yarandı. Sənin ölkənin 99.9% bu cavabı verəcəklərdən təşkil olunub. O zaman yenidən düşün, sənin fərqin nədir? O 99.9%-in içində yoxsullar, varlılar, şəhərlilər, kəndlilər, dindarlar, dinsizlər, hətda fahişələr də var və sən saydıqlarımın çoxuna nifrət edirsən. Bəs onları təkrarlanmandakı səbəb nədir? “Din” dediyini eşidər kimiyəm. Hansı din ki, müqəddəs kitabını belə sadəcə bəzi sözləri əzbərləyəcək qədər oxumusan və heç mənasını belə bilmirsən, hansi din ki, insanları qəyd-şərtsiz sevməyi, hörmət etməyi deyir, hansi din ki, imanın yalnız qəlblərdə olduğunu və Allahdan başqa heç kəsin ondan şübhə etməyə haqqı olmadığını deyir,  təbriklər, sən az öncə inandığın, inanmadığın və ya özünü inanırmış kimi göstərdiyinin dinin bütün təməl qanunlarını çiynəyərək, tək bir qanunu dəstəklədin. Bunu dəfələrlə qürurla etdiyinə əminəm. Bir tələbə düşün, sınaqda yalnızca bir suala cavab verə bilir və o suala cavab verə bilməyən bütün digər tələbələrə üstdən aşağı baxır. Halbuki bəlkə də, o tələbələr sadəcə həmin sualdan başqa bütün suallara cavab vermişdir. Sənin etdiyində budur.
Sadəcə tək bir sualı bilmək və bununla öyünmək axmaqlıq kimi gəldi hə? bu hələ fərqinə vardığın ilk “axmaqlığındır”.
Heç varlıların daş ürəkliyindən şikayətlənən varlı görmədim. Heç dindarlara nifrət edən dindar görmədim. Heç şəhərlilərin burnu havada olduğunu düşünən şəhərli görmədim. Sən gördünmü? Yox. Çünki insan bir şeyin mənfi olduğunu düşünürsə, sadəcə ona əksdir. Niyə ateistlər dindarların axmaq olduğunu düşünür? Çünki öz inandıqlarını təsdiq etmənin tək yolu bu. Dünyada milyonlarla dindar var. Əgər tanrı varsa, ateistlik yanlışdır. əgər yoxsa və bu qədər insan ona inanırsa sadəcə axmaqdırlar. Eyni şəkildə dindarları da incələmək olar. Sənin inkar etdiyin, pis bildiyin, günah saydığın hər şey sadəcə sənə əksdir. Bu onların doğru və ya yanlış olduğunu deməz. Bu an sənin üçün gecə ola bilər, amma Yaponyada gündüzdür. Indi Yaponyada yaşayan birinə zəng edib, “gecədir!” deyə qışqırmaq nədir? Axmaqlıq. Bəs sənin inandıqlarına inanmayan, qəbul etməyən, doğru saymayan birinə qışqırmağın, onun heç nə anlamayan axmaq olduğunu söyləməyin mənası nədir? Bu egon üçün ağır olmalı... çünki həyatın boyu cəmiyyətin, dinlərin, dahilərin və ya sadəcə sənin dediklərini qəbul etməyənlərə “axmaq” dedin.  Amma reallıq budur ki, əsl axmaq adəcə sənsən. Çünki başqalarını tutuquşu kimi təkrarlamaq səni sadəcə tutuquşu edər.  Nyutonun 3 qanunu bilə bilərsən, amma bu səni Afrikanın cəngəlliklərində yaşayıb, bir otun yeyilə bilər olduğunu ÖZÜ kəşf edən yerlidən daha cahil olduğunu dəyişdirməz. Çünki sən heç nəyi özün öyrənmədin, sadəcə kopyaladın. Niyə dindar oldun? Çünki valideynlərin, ətrafın dindar idi. Niyə ateist oldun? Çünki dahilər ateist idi. Geyimini moda, yeməyini dietoloqlar, biliyini müəllimlər, düşüncəni cəmiyyət seçir. Hardan baxarsan bax, sənin fikirlərin hər zaman ümumi oldu. Heç bir şeyinlə eyni fabrikdən çıxmış mallar kimi kimsədən fərqlənmədin həmişə “doğru” olmaq üçün başqalarını fikirlərini işlətdin. işlədiklərin doğru ola bilər, amma sən yox. Çünki sən kəşf etmədin. bu bir qoyun sürüsünün “qoyunluqdan” çıxmaq üçün məələmək əvəzinə, mööləməsinə bənzəyir. Bu onları inək edərmi?
Gülməli örnək oldu. Mən dahilərdən örnəklər də gətirə bilərdim, amma o örnəkləri mən kəşf etməmişdim.

Fərqli olmaq adına başqalarını izləmə, özün ol sadəcə. Hər kəsin sənə “doğru” deyə qəbul etdirmək istədiklərinə sual ver: niyə?  Səbəb? Kim? Nə? Harda?... verə biləcəyin yüzlərlə sual var. Sadəcə kəşf et, kopyalama. Sən anan deyilsən, qonşunun övladı deyilsən, müəllimən deyilsən, Eyşteyn deyilsən- sən sadəcə sənsən. Sənin fikirlərin, sənin doğruların, sənin həyatın-sən. ətrafındakı adamlar fikirlərini mi təsdiqləməyə başladı? Cəld özünü sorğula. Çünki onlar sən deyillər. Ya sən onlar kimi düşünməyə başladın, ya da onlar sənin kimi. Ikisi də axmaqlığa işarət- sənin axmaqlığına.

Komunistlər kapitalizminin pis olduğunu bağırar-kapitalistlər komunizmin.
Dinsizlər dinin pis olduğunu bağırar-dindarlar dinsizliyin.
Axmaqlar ağıllıların pis olduğunu bağırar-ağıllılar susar... çünki ağıllı insan özünün hər şeyin doğrusunu biləcək qədər ağıllı olmadığını bilər. Yalnızca axmaqlar ciyərlərini doldururub, var gücləri ilə “doğrularını” bağırarlar. Çünki ürəklərinin dərinliklərində doğrularından şübhə duyarlar və o şübhəni əzməyin tək yolu özü kimi axmaqları ətrafına toplamaqdır. Tərəfini seç- sadəcə başqalarının dediklərini təkrarlayn, bağıran, ittiham edən bir axmaq olmaq istəyirsən?

əgər cavabın “yox”dursa bağışla. Sən indicə mənim doğrularıma inanıb, indiyə kimi bütün inandıqlarından əl çəkdin. Bu isə axmaqlardan biri olduğun mənasına gəlir. Amma hər kəs dəyişə bilər. Insanlar ağıllı doğulur, cəmiyyət onları axmaqlaşdırır. Bir gün başqalarının “doğru”larından sıyrılıb, öz doğrularını tapman diləyi ilə....

Ay eşşək...

"Ay eşşək onlar vaxt keçirmək üçündü, ürəyim ki sənindi"- elə indicə bir qızın etirafından oxuduğum cümlələr Azərbaycandakı qızların 90 %i xəyanəti bu təsəlli ilə qəbul edir "ürəyi mənimdi". Əslində məntiqlidir. Yəni ürək qara bazarda yaxşı qiymətə gedən orqandı. Gəlsənizə biraz təhqir və vurulmaq da qəbul edib, "iliyim ki, sənindir" eşidək? İlik ən bahalı orqanımızdı hələki. Heyif ki, beyin satılmadığından, qiymətini bilmirəm. Amma bu baş ki, bizdə var, elə də baha olmaz. Zarafat bir kənara, bir oğlana xəyanət edib, deyil ürəyinizin, bütün daxili orqanlarınızın onun olduğunu desəniz nə olar?  Biraz küsər, deyinər, naz edər və "məni sevir" adi ilə barışar...yazacaqdım, əlim gəlmədi.  ordan bir nəfər "kişi ilə qadın eyni deyil ki" dedi deyəsən. Aha, eyni deyil. Birinin sonuncu xromosom cutu XX şəklindədir, digərinin ki XY. Nə qədər kiçik bir fərq elə deyil? Lakin psixologiyalarındaki, düşüncələrindəki fərq inanılmaz. Həyat yoldaşından xəyanət görən kişi "onsuzda mənimdi, istədiyi qədər gəzsin" düşünməz, döyülən kişi "yaxşı at özünə qamçı vurdurmaz" düşünməz, geyimindən tutmuş, danışığına, getdiyi yerlərə qadağalar qoyulan kişi "sevir ki, qısqanır" deyə düşünməz. Bunlardan birini etdiyiniz an, "mən kişiyəm" deyə qışqırar və ən yaxşı ehtimalla sizi tərk edər. Bəs qadın nə edər? Bir qadın özünə yalan deyər... Bir şeyləri qadağan etmək sevgidən deyil, köləlikdən. Xəyanət etmək sevgidən deyil, köləlikdən. Döymək sevgidən deyil, köləlikdən.
 
Və azadlığın ən böyük düşməni halından məmnun kölələrdir. Hansı halından məmnun kölələr? "qadın azadlığı" deyiləndə ağlına əxlaqsızlıqdan başqa bir şey gəlməyən, qadına şiddəti "yaxşı at özünə qamçı vurdurmaz" eyə dəstəkləyən, xəyanəti "kişidir, edər" deyə açıqlayan kölələr...
Eh daha nələr...nələr...
Yadımdadır, bir dəfə birisi sırf sosial şəbəkədə öz şəklimi qoymuşdum deyə mənə "pozğun" demişdi. Eh, cəmiyyyətin boyunduruğu altına girməyib, saxta "namuslu qız" obrazına bürünmək üçün cürbəcür mənasız qadağalara uymuram təbii. Əksinə, hər yerdə başımı dik tutmaqdır məqsədim. Sırf bir "məni alacaq" uğruna olmadığım bir "yaxşı qız" kimi davranmaq yerinə, sadəcə Cəmilə Məmmədli olmaq da yaxşı bir şey deyil deyəsən. özün olmaq, öz qərarlarını vermək, öz doğrularını seçmək... Daha kiminsə "namusu", "eşşəyi" olmaq istəmirəm mən. Bu mənəm amma, Azrəbaycandaki milyonlarla qadın deyil. Hələ də öz şəxsiyyətini nələrəsə(ki bu çox vaxt məni alacaq düşüncəsi olur) qurban verəcək qadınlar var.
İndi baxıram da, başlıq deyəsən qadınları təhqir edir. Amma bu başlığı mən vermədim, bir qadın verdi. Mənim kimi, sənin kimi bir qadın. Bəlkə də. feministəm deyə qərəzli mövqe tuturam. Ey qadınlar, siz özünüzü alçaldıqca, kişinin köləsi kimi davrandıqca hələ çox eşidəcəksiniz: "Ay eşşək..."