musiqi

18 Ocak 2015 Pazar

Yüz illik tənhalıq


Yüz illik tenhalıq...
Bir xanım məndən bu əsəri oxuyub, bir esse yazmağımı istədiyində, ağlımdan keçən ilk cümlə “ hay, təkcə bu olmasın...” olmuşdu. Çünki, prinsipial olaraq populyar olan, ya da yüksək ədəbi qiyməti olan kitabları oxumuram. Bu, “çılpaq kral” nağılının mənə öyrətdiyi bir şeydir. Etiraf edək, heç birimiz o nağıldaki uşaq qədər cəsur və özünəməxsus ola bilmərik. Elə mən də, əsəri oxuduqca nobel mükafatına layiq nüanslar axtardığımı və tapmadıqda öz ədəbi bilgimi sorğuladığımı etiraf edirəm. yenə də, bitirdim...
 Mənə kitabı 1 cümlə ilə izah etməmi söyləsəniz, sizə bunu deyərəm: oxudum, oxudum və oxudum.
Bəli, mən bu əsəri oxudum. Təəccüblənmədən, sevinmədən, kədərlənmədən, bu qədər əxlaqsızlığın, pedofilinin, ensestin və qətliamın qarşısında dəhşətə gəlmədən və hətta, növbəti səhifə də nə olduğunu zərrə maraqlanmadan oxudum. Bu sanki, həyat kimi idi... və, əslində bu əsərdə məncə həyatı yaşayan – həyatı mənim kimi yaşayan tək obraz Ursula idi. eynən onun səbri, güclülüyü və vecsizliyi ilə bitirdim bu əsəri. Düşündüm? Yox, düşünmədim. Çünki, həyatın özünü yaşarkən, onun haqqında düşünmək necə mənasızdırsa, dünyada məhz Macondo kimi bir kənd, Buendiolar kimi bir ailə olduğuna məni inandıran əsər haqqında düşünmək əbəsdir məncə. Bəli, elə bir yer var və o yerin taleyi elə əsərdə yazılan kimi olmalı idi.

Sonra, ağlıma gəldi, Macondanın çöküşü nə zaman başladı? Ilk Jose Arcadio yaratmaq eşqindən əl çəkib, Melquiadesin əlyazmalarına gömüldüyü gün, ya da Zabit Aourilianonun öz olmayan idealını unudub, tam bir əsgər olduğunda, bəlkə də banan fabrikin  qurulduğu gün? Əslində, Macondo o=xalqına elmin yeniliklərini öyrədən Melquiadesin qaraçı dəstəsinin yox, buzu möcüzəvi bir şeymiş kimi təqdim edən sirkin gəldiyi gün çökməyə başladı... Bu bəsit, dünyadan xəbərsiz, bir ölünün belə olmadığı kənd, o andan etibarən boş əyləncəni tanıdı, dini tanıdı, dövləti tanıdı, müharibəni tanıdı, kapitalizmi tanıdı və çökdü... Macondo, onun qurucusu Buendiolar kimi yox oldu.

Beynimə ilişən, bir nüans isə, niyə yalnızca Zabit Aurelionun və o gənc zabit zamanın bir anının donub qaldığı Melquiadesin otağını çirkli və köhnəlmiş gördüyüdür. Ikisinin də əsgər olması bir təsadüfmü, yoxsa yazıçın bir insanın həyatını asanlıqla ala bilənləri insanlıqdan kənar görməsinin bir nəticəsimi? Mən ikincisi olmasına ümid edirəm.

Bu əsərdə tüklərimi ürpədən bir cümlə varsa, o da “Mən Ərəb yarımadasının sahillərində quru qızdırmadan öldüm”- cümləsidir. əsər boyunca haqqında ən az şey bildiyiniz - Zabitin 17 Aurilianosundan belə daha az tanıdığınız – obrazı, sonunda necə yaxşı tanıdığınızı anladıqda tüklərinizi ürpərdər bu cümlə. Çünki, onun biildiklərini siz də bildiniz. Sətri sətrinə, kəlməsi kəlməsinə və son səhifəni çevirdikdə, bütün bildikləriniz uçub, getdi.

Etiraf edirəm ki, mən heç bir obrazı tanımadım, anlamadım, sevmədim və nifrət etmədim. Amma, heç birini də yadırğamadım. Axı, dedim, Macondo mənə görə var idi, elə bu qəribə taleli Buendioların olduğu kimi. Bəlkə, bir gün, 30-40 ildən sonra geriyə baxacam və həyatımın axışının bu əsərdəkindən çox da fərqlənmədiyini anlayacam. Sadəcə adlar, yaşananlar və məkanlar fərqli olacaq... Ümid edirəm, əsla bunu dərk edəcək yetkinliyə və ya yaşa çatmaram.

Əsər haqqındaki şəxsi düşüncələrimə gəldikdə: mənim tərzim deyildi və heç sevmədim. Hələ ki, bir daha oxumamağı düşünürəm. az qala, nifrət etdiyim melanxoliyaya yuvarladacaqdı məni.  Gərəksiz tək bir hissə görməsəm də, obrazların hislərinin bu qədər meşşanlaşdırılması xoş olmadı mənə. Insanın aliliyinə sitayiş edənlərdən deyiləm, amma insanların özünəməxsusluğu olmalı olduğunu düşünürəm. sevdiyim obraz olmadı, hələ ki, həyatıma və ya düşüncələrimə yön verəcək bir fikir də çıxmadı, lakin, sıxılmadım da.

Bir tək, Pilar Ternera olmasaymış, Buendiolar 3 nəsil əvvəl tükənəcəkmiş və Aureliano və Josa Arcadiolardan bezdim.  Sonda , sırf ömür boyu tanıya biləcəyim bir Aureliano və ya Arcadioya “soyadınız Buendiodur?” deyə soruşmaqdan xilas etdikləri üçün, qarışqalara təşəkkür belə etdim.
Son olaraq: ağır və əzici bir əsər olduğunu düşünürəm. yeniyetmlərə, şəxsi düşüncə forması yaranmayıb, oxuduqlarının təsirinə düşənlərə oxumamalarını şiddətlə tövsiyyə edirəm.  xoş, o tip insanlar özlərini başqalarından daha ağıllı hesab etdiyindən, yenə oxuyacaqlar və mən bunu boşa yazdım.  Mən isə, bu əsəri yaxşıca bişməsi və mənə lazım olanlar qalanadək qaynaması üçün beynimin uzaq bir küncünə itələdim.

Hər kəsə xoş mütailələr.


öpdüm, öpdüm: bu aralar "entel" takılan Cəmilə

Hiç yorum yok:

Yorum Gönder