musiqi

kitab etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
kitab etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

10 Kasım 2015 Salı

Alcernon üçün güllər. ( Flowers for Algernon)


                  Alqernon üçün güllər.
Deniel kiz.
   Bu kitab haqqında Aybənizin yazısını oxuduqdan sonra onu oxumaq ehtiyacı hiss etdim. Bu elə bir ehtiyac idi ki, sanki orada yazılan hər kəlməni, hər cümləni, hər hissi, hər hadisəni anlaya biləcəyimə əmin idim və bu əminliyimi təsdiqləməliydim. Təstiqlədim.

   Kitab, Çarli adındaki İQ-su 68 olan gəncin daha ağıllı olmaq üçün üzərində sınaq keçirilməsinə razı olmasından və bu sınaq mərhələsində bütün yaşadıqlarını gündəlik halında yazmasından ibarətdir. Çarli, anası tərəfindən ağıllı olmadığı üçün rədd edildiyinə inanır və əgər ağıllı olsa, hər şeyin daha yaxşı olacağına, hər kəsin onu sevəcəyinə əmindir.  Bu sınaq isə ən birinci siçanlar üzərində yoxlanılıb və uğurlu alınan tək sınaq Alqernon adı siçan üzərində olub. Çarlidə də əməliyyat uğurla keçir və zəkası sürətlə yüksəlməyə başlayır. Eyni zamanda isə Alqernonun hərəkətlərində qəribəlik hiss olunmağa başlanır. Alqernon, zəkasını itirir...

   Əsərdə əqli cəhətdən zəifliyi olan insan təsviri çox əla alınıb. Dəfələrlə şahid olduğum saflıq, dost olmağa çalışma, insanı riqqətə gətirən sonsuz inam. Tək fərqi Çarli, uşaqlığında yaşadığı və ancaq zəka səviyyəsi yüksəldikcə onda necə izlər qoyduğunu dərk edəcəyi  travmalar sayəsində “ağıllı olmaq” istəyir. Hə, ağıllı olmaq. Ağıllı olmalıdır ki, anası onu sevsin. Ağıllı olmalıdır ki, daha çox dostları olsun. Ağıllı olmalıdır ki, o da hər kəs kimi olsun. Əslində, Çarli olduqca ağıllıdır – zəkanın ən böyük mənfisi olan “fərqli olduğunu dərk etmə” səviyyəsində ağıllıdır. Elə bu fərqli olduğunu dərk etmə Çarli əqli cəhətdən geri olduqda da, üstün olduqda da ona əziyyət verir. Məncə, elə əsərin ana fikri də budur:  çoxluqdan biri deyilsənsə, əzab çəkəcəksən. Çarlinin bəxti onda gətirmişdi ki, əvvəllər əzab çəkdiyini hiss etmirdi, daha doğrusu, zəkası yüksəlməyə başlayanda  “qəzəb” və “şübhə”ni kəşf edənədək bunu hiss etmirdi.  Qəzəb – onu araya qoyan uşaqlara, onu qardaşlarına döydürən qıza, köhnə məhəlləsində üst-başını ifrazatlarına bulayan oğlanlara, dostu hesab etdiyi, əslində onu dolayan iş yoldaşlarına olan qəzəb. Hər kəsə, hər şeyə olan sonsuz şübhə.  Adi bir insanın illər ərzində öyrənəcəyi, hiss edəcəyi şeyləri bir neçə həftə ərzində yaşayan zavallı Çarli...

    Digər bəyəndiyim nüans isə Çarliyə yazığınızın gəlməməsidir. Yəni, onun uşaq saflığı ilə yazdıqlarını oxuduqca doğmalaşırsan. Balaca uşağın şirin-şirin danışması kimi zövq verir adama. Hələ bir Çarlinin durğu işarələrini öyrəndiyi hissədə lap ürəkdən gülürsən. Əsərin ağırlığı Çarlinin zəkası artıqca başlayır. Onunla bərabər hiss edir, anlayır, qəzəblənirsən. Və ona acıyırsan... Böyüyürsən. Çarli də böyüyür. Tək əqli cəhətdən yox, duyğu cəhətdən də. Aşiq olur, qısqanır, ehtirası hiss edir – Kiçik Çarli isə burada qorxmağa başlayır. “Ağıllı Çarli”nin xanım Kinniana bəslədiyi hisslər kiçik Çarli üçün elə anlaşılmaz olur ki, onu dayandırır. Çarlı elə burada əslində dəyişmədiyini, əvvəlki Çarlinin şüuraltında olduğunu, onu izlədiyni bilir. Lakin o da hər kəsin ona etdiyini edir – Çarlini aldadır. Fay Lilman ilə münasibəti boyunca kiçik Çarlini qaranlıqda qoyur, zehnini  ona bağlayır. Məncə, əsərin dönüm nöqtəsi buradır. Indiyə qədər getdikcə özünə edilənləri bağışlamayan Çarli Qordon bu dəfə özü-özünü rədd edir, qəbullanmır.

    Ağır=ağır xatirələrini dərk etdikcə, kiçik Çarlini anlamağa başlayır. Anası, bacısı, yediyi kötəklər və anasının niyə onu istəmədiyi... Əslində, yazıçı burada insanların uzun müddətdir görməzdən gəldikləri, ört-bas etdikləri bir mövzuya toxunur : əqli zəifliyi olan insanların intim münasibətlər haqqındaki bilgiləri, düşüncələri, ehtiyacları. Kiçik Çarli ilkin yeniyetməlik dövründə öz cinsiyyətini kəşf etmə prosesində o qədər anasından kötək yeyir ki, bunun cinayət, qadağa olduğu hissinə qapılır. Ağıllı Çarli bunu kəşf etdikcə onu anlamağa başlayır. Və kiçik Çarli ona icazə verir.

    Çarli iç dünyasında keçmiş xatirələri və aldığı travmalar ilə mübarizə etdikcə, xaricdə də getdikcə daha da ağıllanır. Belə ki, onu əməliyyat edən, ya da onların dediyi kimi “fərd edən” professorlardan belə ağıllı olur. Onların əslində öz problemləri, qorxuları, şişirilmiş eqoları olan adi insanlar olduğunu anladıqca heyrətlənir.  Zəkasının ən pik nöqtəsində isə professor olan “adi adamların” gözündən qaçan dəhşətli gərçəyi kəşf edir – Zəka yüksəlməsi baqi deyil. Yüksəldiyi sürətdə aşağı düşəcək, hətta əvvəlkindən aşağı olacaq.  Beləcə, qalan az vaxtını bu araşdırmaya sərf etməyə qərar verir...


   Əsərdə toxunulan digər mövzu Çarlinin xanım Kinniana olan sevgisidir. Məncə, əvvəllər getdiyi əqli zəiflər üçün məktbədə müəllimə olan Kinniana bəslədiyi sevgidən daha çox, ilk əsil şəfqət gördüyü qadına bağlılıqdır. Bəlkə də elə buna görədir ki, Çarli Kinnianla yaxınlaşmağa çalışdıqca onu anası ilə eyniləşdirən və bu cür münasibətlərin “Qadağan!” olduğunu düşünən kiçik Çarli ona manə olur. Bu münasibət elə Kinnianın özü üçün də çətindir. Əvvəllər bir şeyi öyrətmək üçün dəfələrlə təkrarlamalı olduğu insan qarşısında “böyüyür” və ona cavab vermək, təfəkkürünə yetişmək nəinki çətin, artıq imkansızdır. Aralarındakı münasibəti alovlu eşq yerinə, qarşılıqlı şəfqət kimi dəyərləndirməyi seçirəm.

   Qaranlıq qalan tək nöqtə Çarli, anası və bacısı arasındaki münasibətdir. Əsər boyunca Çarli xatirələrini kəşf etdikcə görürük ki, anası Çarlinin bacısına bir zərər verməsi qorxusu ilə rədd edir. Bu qorxunun səbəbinin fiziki şiddətmi, yoxsa bir başqa şey olduğu qaranlıq qalır. Bu yazıçının seçimimi, yoxsa anlaşılmayacağını düşündüyü üçün etdiyi bir ixtisarmı, və yaxud tamamilə təsadüfmü, mənə aydın deyil.
   Ümumilikdə əsəri yüksək qiymətləndirmək olar. Hadisələrə və insanlara Çarlinin gözü ilə baxmaq, onunla bərabər hiss edib, böyümək təkrarolunmaz hissdir. Mütləq oxunmalı.



11 Nisan 2015 Cumartesi

Çalıquşu

Neçə vaxtdır Çalıquşu- Fəridə haqqqında yazmaq istəyirdim. Lakin, bu gün film şənbəsi olduğundan, serialı haqqında yazmaq qərarına gəldim. Bildiyiniz kimi, serialın iki versiyası var: 1986 və 2013. Hər-halda, sarışın və yaşıl gözlü Kamuranı qaraqaş-qaragöz Burak bəyin canlandırdığı və Fəridənin mübarizəsi əvəzinə mıymıntı bir eşq hekayəsinin anlatıldığı 2013 versiyası haqqqında yazacaq halım yoxdur J

 Köhnə- doğma versiyası haqqında yazmaq istəyirəm. serial 1986-cı ildə, TRT kanalının sifarişi ilə çəkilib. Rollarda : Aydan Şener, Kenan Kalav, Sadir Alışık və başqaları var. Serialın unudulmaz musiqiləri Esin Engin imzası daşıyır.  7 bölümdən ibarətdir və öz dövründə Rusiya və bir çox türk dövlətlərində məşhur olmuşdur.
   Serialla kitab arasında kiçik fərqlər var – daha doğrusu, bu fərqlər bütün bir kitabı və 10 ildən çox zaman müddətində baş verən hadisələri 7-cə bölümə sığdırmaq səbəbindəndir. Serialın ilk bölümü Fəridənin xatirələri ilə başlayır : minbaşı olan atasının bitməz bilməz səyahətləri, anasının xəstəliyi, xalasigə gətirilməyi – tək fərqli nuans, bəlkə də Fəridənin “vəhşiliyinin” səbəbi olan ərəb mürəbiyyəsi və atasının çavuşu haqqında danışılmaması.  Sonrasında, Fəridənin yeniyetməlik dövrü başlayır... özünün tamamilə əksi olan Kamuranlı günlər. Onun dilindən desək, Allah Kamuranı səhv yaratmışdı. O, qız, Fəridə oğlan olmalı idi, sonra da Allahın əmri, peyğəmbərin kəbni ilə...
   Burada aktyorların möhtəşəm canlandırmaları insanı əsir edir : Aydan xanım ən az bir Fəridə qədər çılğın idi, Kenan bəy də bir Kamuran qədər soyuqqanlı. Öz rollarını elə ifa edirlər ki, kitabdan çıxmış kimidirlər. O, məşhur yellənçək səhnəsində belə bu hiss olunur – ilk dəfə Fəridəyə meydan oxuyan Kamuran, ilk dəfə Kamurana boyun əyən Fəridə. Və... qara xəbərli qara çarşaflı qadın.

  Sonrasında, Fəridənin azadlığı, ya da əsarəti başlanır. Ömrünü kiçik uşaqlara elm öyrətməklə keçirməyi xəyal edən bu qadın, Xədicə xanımdan ilk dərsini alır : Çarşabını bağla, hocaxanım.
  Sonrasında, hadisələr bir-birini izləyir; Münisə, bağlanan məktəb, köç, “tanrıdan boyalı” üzünə görə çəkdiyi əziyətlər və danışmasam, günah ola bir şəxs – Şeyx Yusuf əfəndi. Hlə kitabda oxuyanda, çaldığı udun səsi qulaqlarımda cingildəyirdi, serialda isə həqiqətən eşitdim. Hər insanı riqqətə gətirəcək bir eşqə malik bu insanın çaldığı musiqi necə olar bilər? Serial bu suala cavab verir.
   Adını “gulbəşəkər” qoyurlar... Nəzmiyyə xanımın oyunu ilə gətirildiyi məclis – kitabında bu səhnə daha çox kədərli, verilsə də, filmində daha dramatik verilib. Dəyişməyən tək şey isə, Fəridənin anlamadığını, uşaq olan Münisənin anlaması idi. əksik olan tək bir şey vardı: “Səni də anam kimi ədəcklərindən qorxdum”
   Qara günlər bitmir əlbəttə; aclıq, səfalət, dedi-qodular və daha min cür bəla. Zeynilər kəndində rastlaşdığı Hayrullah bəyi yenidən gördükdə, bunlar dəyişir. Sadri Alışık bəyin möhtəşəm aktyorluğu bu sevimli qocaya elə can verib ki, insan lap filmə girib, yanaqlarını sıxmaq istəyir J  ikisi də könlünü eyni şeyə : biri kiçik ayıcıqlarını sağaltmağa, diyəri kiçik körpələri öyrətməyə vermiş bu qəlbiqırıq insanlar bir-birinə dəstək olurlar. Elə bir dəstək ki, Fəridənin böyük ağrısından – ana olmadan,övlad itirməsindən sonra əsil ata-qıza çevrilirlər. Lakin, insanlar bunu anlamır, anlamaq istəmir – Xədicə xanımın dediyinə əməl etməmək; başıaçıq Hayrullah bəylə gəzmək, camatın onları bütün fəlakətlərin səbəbi olaraq göstərə bilməsinə bəs edir. Fəridəni bunlar qarşısında tək qoymaq istəməyən Hayrulla bəy, ona evlənməyi təklif edir.
  Getdiyi hər yerdə dəfələrlə, zorla “qadın” olduğu başına qaxılan Fəridə, nə özünün kişi, nə də onun qadın olduğunu ağlına belə gətirməyən bir insan ola biləcəyinə inana bilərdimi? Elə bir adam ki, ölümündən sonra belə onu xoşbəxtliyə itələyir.

Və yenə Fəridə ilə Kamuran. Uşaqlığındakı kimi boynunun arxasına qar, gözlərinə qum doldurmadan, başına daş atmadan da onu incidə, ağrıda bilir Fəridə. Özü bundan qat-qat artıq ağrımamışdımı? Bəlkə də, bunu bildiyindən susur Kamuran. Fəridənin adını ağzına almağa haqqı olmadığını bildiyindən, susur...
  Illərdir ordan-ora savrulmuş, əziyyət çəkmiş, ağır itkilər vermiş bu qadın kiçik bir xoşbəxtliyi özünə rəva bilir ancaq : “mən gülbəşəkəri çox sevdim”...
Sonunun necə olacağını kitabı oxuyanlar bilər. Təbii, serialda son bir azcıq fərqlidir. Mənə qalsa, hər iki sonra əladır. Çünki, son da başlanğıcla eynidir J

Belə, aktyorları, musiqiləri, görüntüləri (ilini nəzərə alsaq, aşağı keyfiyytli olmasını bağışlamaq olar) və möhtışım ssenarisi ilə unudulmaz bir serial. Izləməyinizi məsləhət görürəm. özüm də, bunları yazdığım vaxt, uşaqlığımın en sevimli serialına bir daha nəzər saldım J

18 Ocak 2015 Pazar

Yüz illik tənhalıq


Yüz illik tenhalıq...
Bir xanım məndən bu əsəri oxuyub, bir esse yazmağımı istədiyində, ağlımdan keçən ilk cümlə “ hay, təkcə bu olmasın...” olmuşdu. Çünki, prinsipial olaraq populyar olan, ya da yüksək ədəbi qiyməti olan kitabları oxumuram. Bu, “çılpaq kral” nağılının mənə öyrətdiyi bir şeydir. Etiraf edək, heç birimiz o nağıldaki uşaq qədər cəsur və özünəməxsus ola bilmərik. Elə mən də, əsəri oxuduqca nobel mükafatına layiq nüanslar axtardığımı və tapmadıqda öz ədəbi bilgimi sorğuladığımı etiraf edirəm. yenə də, bitirdim...
 Mənə kitabı 1 cümlə ilə izah etməmi söyləsəniz, sizə bunu deyərəm: oxudum, oxudum və oxudum.
Bəli, mən bu əsəri oxudum. Təəccüblənmədən, sevinmədən, kədərlənmədən, bu qədər əxlaqsızlığın, pedofilinin, ensestin və qətliamın qarşısında dəhşətə gəlmədən və hətta, növbəti səhifə də nə olduğunu zərrə maraqlanmadan oxudum. Bu sanki, həyat kimi idi... və, əslində bu əsərdə məncə həyatı yaşayan – həyatı mənim kimi yaşayan tək obraz Ursula idi. eynən onun səbri, güclülüyü və vecsizliyi ilə bitirdim bu əsəri. Düşündüm? Yox, düşünmədim. Çünki, həyatın özünü yaşarkən, onun haqqında düşünmək necə mənasızdırsa, dünyada məhz Macondo kimi bir kənd, Buendiolar kimi bir ailə olduğuna məni inandıran əsər haqqında düşünmək əbəsdir məncə. Bəli, elə bir yer var və o yerin taleyi elə əsərdə yazılan kimi olmalı idi.

Sonra, ağlıma gəldi, Macondanın çöküşü nə zaman başladı? Ilk Jose Arcadio yaratmaq eşqindən əl çəkib, Melquiadesin əlyazmalarına gömüldüyü gün, ya da Zabit Aourilianonun öz olmayan idealını unudub, tam bir əsgər olduğunda, bəlkə də banan fabrikin  qurulduğu gün? Əslində, Macondo o=xalqına elmin yeniliklərini öyrədən Melquiadesin qaraçı dəstəsinin yox, buzu möcüzəvi bir şeymiş kimi təqdim edən sirkin gəldiyi gün çökməyə başladı... Bu bəsit, dünyadan xəbərsiz, bir ölünün belə olmadığı kənd, o andan etibarən boş əyləncəni tanıdı, dini tanıdı, dövləti tanıdı, müharibəni tanıdı, kapitalizmi tanıdı və çökdü... Macondo, onun qurucusu Buendiolar kimi yox oldu.

Beynimə ilişən, bir nüans isə, niyə yalnızca Zabit Aurelionun və o gənc zabit zamanın bir anının donub qaldığı Melquiadesin otağını çirkli və köhnəlmiş gördüyüdür. Ikisinin də əsgər olması bir təsadüfmü, yoxsa yazıçın bir insanın həyatını asanlıqla ala bilənləri insanlıqdan kənar görməsinin bir nəticəsimi? Mən ikincisi olmasına ümid edirəm.

Bu əsərdə tüklərimi ürpədən bir cümlə varsa, o da “Mən Ərəb yarımadasının sahillərində quru qızdırmadan öldüm”- cümləsidir. əsər boyunca haqqında ən az şey bildiyiniz - Zabitin 17 Aurilianosundan belə daha az tanıdığınız – obrazı, sonunda necə yaxşı tanıdığınızı anladıqda tüklərinizi ürpərdər bu cümlə. Çünki, onun biildiklərini siz də bildiniz. Sətri sətrinə, kəlməsi kəlməsinə və son səhifəni çevirdikdə, bütün bildikləriniz uçub, getdi.

Etiraf edirəm ki, mən heç bir obrazı tanımadım, anlamadım, sevmədim və nifrət etmədim. Amma, heç birini də yadırğamadım. Axı, dedim, Macondo mənə görə var idi, elə bu qəribə taleli Buendioların olduğu kimi. Bəlkə, bir gün, 30-40 ildən sonra geriyə baxacam və həyatımın axışının bu əsərdəkindən çox da fərqlənmədiyini anlayacam. Sadəcə adlar, yaşananlar və məkanlar fərqli olacaq... Ümid edirəm, əsla bunu dərk edəcək yetkinliyə və ya yaşa çatmaram.

Əsər haqqındaki şəxsi düşüncələrimə gəldikdə: mənim tərzim deyildi və heç sevmədim. Hələ ki, bir daha oxumamağı düşünürəm. az qala, nifrət etdiyim melanxoliyaya yuvarladacaqdı məni.  Gərəksiz tək bir hissə görməsəm də, obrazların hislərinin bu qədər meşşanlaşdırılması xoş olmadı mənə. Insanın aliliyinə sitayiş edənlərdən deyiləm, amma insanların özünəməxsusluğu olmalı olduğunu düşünürəm. sevdiyim obraz olmadı, hələ ki, həyatıma və ya düşüncələrimə yön verəcək bir fikir də çıxmadı, lakin, sıxılmadım da.

Bir tək, Pilar Ternera olmasaymış, Buendiolar 3 nəsil əvvəl tükənəcəkmiş və Aureliano və Josa Arcadiolardan bezdim.  Sonda , sırf ömür boyu tanıya biləcəyim bir Aureliano və ya Arcadioya “soyadınız Buendiodur?” deyə soruşmaqdan xilas etdikləri üçün, qarışqalara təşəkkür belə etdim.
Son olaraq: ağır və əzici bir əsər olduğunu düşünürəm. yeniyetmlərə, şəxsi düşüncə forması yaranmayıb, oxuduqlarının təsirinə düşənlərə oxumamalarını şiddətlə tövsiyyə edirəm.  xoş, o tip insanlar özlərini başqalarından daha ağıllı hesab etdiyindən, yenə oxuyacaqlar və mən bunu boşa yazdım.  Mən isə, bu əsəri yaxşıca bişməsi və mənə lazım olanlar qalanadək qaynaması üçün beynimin uzaq bir küncünə itələdim.

Hər kəsə xoş mütailələr.


öpdüm, öpdüm: bu aralar "entel" takılan Cəmilə

13 Ocak 2015 Salı

Monte Kristo kontu

                                   

 Monte Kristo kontu
Hardasa, 2 həftə əvvəl televiziyada bir filmin başldadı və mən adını səsli şəkildə oxudum: Monte Kristo kontu.  Atam, bu adın tanış gəlib- gəlmədiyini soruşdu. Bir kitab adı olduğunu bildiyimi və böyük ehtimalla oxumadığımı dedim. Atam əsəri oxuduğunu deyib, ümumi məzmunu danışmağa başlayanda isə, onu dayandırıb “ bu insan həpsxanadan qaçmaq üçün ölü birinin  yerinə keçmir ki? Sonra, onu dənizə atırlar?.”, “bəs oxumamışdın?” –dedi atam və mən hələ də əvvəllər oxumadığımı düşünürəm. bu hissəsini necə bildiyimi isə, anlaya bilmirəm. elə həmin gün, pdf versiyasını yüklədim və oxumağa başladım. 1 saat əvvəl bitdi...

Bir intiqam hekayəsidir bu. Uzun, bəzən cansıxıcı və insanı təəccübləndirən bir intiqam hekayəsi. Gənc, dəli-dolu və nəşəli bir dənizçi olan Edmond Danteslə başlayır əsər. Atasını sevən, Mersedesə aşiq, cəmi 1 dəfə kapitanı ola bildiyi “Firon”un anbarında qaçaqmal bir qutu tütün, bir neçə top parçada gətirməkdən başqa bir cinayət işləməmiş bu məsum adam. Sonra, bu adam xəyanətə uğrayır. Onu 14 il İf köşkünə həbs edən 3 nəfərin paxıllığı və 1 nəfərin hərisliyidir. Öncə ölmək istəyir Dantes, sonra isə intiqam... Ona yaşama ümidini verən də,  içindəki intiqam odunun yanmasına da səbəb olan da dəli keşiş Faria olur. Bəlkə, Edmondun edəcəklərini bilsəydi, illərdir kimsəyi var olduğuna inandıra bilmədiyi xəzinəsini ona verməzdi, onsuzda ən qiymətli xəzinəsini- bilgisini vermişdi axı!

  Əsərin başından dəstəklədiyim Edmond Dantes ölür və yerinə əsərin sonuna qədər anlaya bilmədiyim Monte Kristo kontu gəlir. Elə hər şey burda başlayır...  sadəcə kiçik bir paxıllığın qurbanı olan bu adam, bu dəfə onu arxadan bıçaqlayanların qarşısına güclü, varlı və şeytanı belə aldadacaq qədər hiyləgər olaraq dikilir. Özünün sözü ilə desək “ əllərimə öldürməyi öyrətdim, gözlərimə onlar əzab çəkərkən izləməyi öyrətdim və dodaqlarıma onların bu əziyyətləri qarşısında gülümsəməyi öyrətdim”. Bəzən bu zalımlıq, onun özünü belə təəccübləndirdi. əsəri oxuyarkən, 2 fəsil əvvəl nəyə yaradığını bilmədiyin addımın, insanın belə intiqamı üçün bir alət olduğunu anlayırsan... sona yaxınlaşdıqca, özümə tez-tez bu sualı verdim : Edmond Dantes haradadır?. Çünki, bu başqa biri idi...

Əsər haqqında fikirlərimə gəldikdə, məni ən çox heyran edən o dövrün əsərlərində olduqca nadir görünən qadın obrazların rəngarəngliyi oldu. Klassik romantik romanların bilinən “əzab çəkən məsum” Valentinedən tutmuş, öz egosu, cəsarəti və kişi xisləti ilə bir az özümü gördüyüm Eugine,( bu arada, madmazal d”Armilly ilə münasibətləri məni şübhəyə salmadı, deyə bilmərəm) həm canavar, həm ana ola bilən madam Villefort, Coderoussonun cəmi bir dəfə görünən və yenə də məni dəhşətə gətirə bilən arvadı və daha digərləri. Bunun əksinə olaraq, kişi obrazları daha solğun idi. tam bir ana uşağı olan Albert, varlığının bir dəyəri olmayan Franz, həssaslığını heç sevmədiyim Maximilen və digərləri. ən çox sevdiyi obrazlar isə, nə qədər  əsas hadisələrdən uzaq qalsalar belə Noirter və Beauchamp oldu.

əsər, mənim əlimdəki versiyası 1350 səhifədir və etiraf edim ki, ortaları bir az sıxıcı keçir. Son 300 səhifəsini isə 3-4 saat dayanmadan oxudum. Başlanğıcı necə sakit idisə, sonu da bir o qədər səssiz oldu. Monte Kristo kontu xoşbəxt ola bildimi? Bu sualın cavabını indi verə bilmərəm. Çünki, mənə görə, ancaq o, nəşəli Edmond Dantes xoşbəxt ola bilərdi, bu qəlbini intiqam alovu qarsımış insan isə, nə qədər yaxşılıq etmişsə etsin, əsla tam olaraq xoşbəxt ola bilməz. Bu əsərin mənə öyrətdiyi bir şey varsa, o da ümidsizliyin içində yenidən doğulan insanların nə qədər qorxunc ola biləcəyidir.  O qədər qorxunc ki, məzlum ikən, zalım ola biləcək...

məncə oxunmalı əsərlər siyahısındadır, hətta, mütləq oxunmalı.


Qeyd: bu kitabı bir növ “silah gücünə” bitirdim. Bu 2 həftədə “ süpermen türk olsaydı pelerini annesi bağlardı” və “cahillikler kitabı”nı belə bitirmişkən, gündə 50 səhifə ondan oxumağa özümü məcbur edirdim. Sadəcə, bu qədər çox səhifəsi olan bir kitabın bitməsini istəmirdim deyəsən. Çünki, sonun məni əsla təmin edə bilməyəcəyini düşünürdüm. Indi isə, bundan daha uyğun bir son düşünə bilmirəm.

26 Aralık 2014 Cuma

Oxuyucu növləri.

Kitab oxumaq indiki dövrdə xüsusi bir intelekt meyarı kimi görülür. eslində, hər dövrdə belə idi. keçmişdə belə olmasının səbəbi kitabların az, çox baha və çap edilməsinin, daşınmasının əziyyətli olması idi isə, indiki dövrdə əsas səbəb; texnologiyanın insanın beynini əvəz edəcək qədər inkişaf etməsi və kimilərinin beynini gücləndirəcək vasitələrdən çox, bir proqramın yeni versiyasını yükləməklə məşğul olmasıdır. Lakin, qəribə bir şəkildə kitab oxumaq bir dəb halını almağa başladı. artıq insanları təkcə kitab oxuyub-oxumamasına görə yox, nəyi, harda, necə və nə qədər oxuması ilə dəyərləndirməyə başladılar.  4-5 ilə "bu gün nə oxudun?" adlı televiziya proqramların çıxıb, qəribə aksenti ilə insanların oxuduğu kitabları tənqid edən tiplərlə dolması məni heç təəccübləndirməz. əl-qərəz, indi danışacağım son 10 ildə yaranan və müşahidə edə bildiyim oxuyucu tipləri. əminəm içlərindən ən azından birində özümüzü görəcəyik...




çitap dediyləri budu???


  1. kitap oxumağa yeni başlayanlar- cücələr: bu ad onlara öz qabiqlarından çıxıb, kitabların geniş dünyasına addım atdıqları üçün metafor verilməyib. qeyri-adi maraqları və hər yeni kitab gördüklərində parıldayan gözləri üçün verilib. bu tiplərin ortaq xüsusiyyətlərindən biri uşaq və ya gənc olmamalarıdır. 30-lu yaşların əvvəllərində kitab oxumağa maraq salan bu tiplər ən zərərsiz və sevimli oxuyuculardır. gördükləri hər kitabı böyük maraqla oxuyar, lakin, yaşlarının verdiyi ağırlıqla təəssüratlarını çox da bölüşməzlər. onları tanımağın ən asan yolu: kitabxanan uzaq bir küncündə, evlərində və ya iş yerlərində təklikdə əlinə kitab alıb, üzlərində böyük bir maraq ifadəsi ilə nisbətən yavaş, lakin həyacanla oxuyan birini görsəniz- bəli, bu bir "Cücə"dir.

hamısı mənim ha ha ha!


2. kolleksiyaçlar- "bazarımın bəzəyi" tipi. uşaq vaxtı güllərdən buket düzəldib, gül yarpağına satdığımız bir oyun oynardıq. hamımız ən gözəl büketi əsla satmaz və "bu bazarımın bəzəyidi" deyərdik. bu tiplər də elədir. görsəniz, kitabxanalarında yüzlərlə, bəlkə, minlərlə kitab vardır və bu kitabları əsla heç kimə verməz. işin qəribəsi: soruşsan, kitabı hardan, necə və neçəyə aldığını əzbərə deyəcək adam, kitabın içindən bir cümlə belə deyə bilməz. çünki, oxumamışdır. bu tipləri gördükdə anamın cehizliyi olan və illərdir bufetdə durmaqdan başqa bir işə yaramayan vazları yadıma düşür... onları tanımağın ən asan yolu: ən səliqəli və rəngarəng kitabxana bu insanlarda olur. kitabxanalarında əsla köhnə, əzilmiş və ya müəllifi bilinməyən kitablar olmaz.


or facebook...


3. populyaristlər - bundan Aysel (Emil) alıb... : bu tiplərin yeganə kitab seçmə kategoriyası kitabın məşhurluq dərəcəsidir. kitab haqqında bir məşhur tvit atmış, ya da qısqandığı bir dostu almışsa- iş bitmişdir. eynisindən mütləq almalı və sosial şəbəkələrə bunu car çəkməlidir. insanların tənqidinə ən çox tuş gələn tip olsa belə, məncə, ən azından oxuduğu üçün "kolleksiyaçı" tipindən bir addım öndədir. bu tipi tanımağın ən asan yolu: Kitabxanasında həm "Ovod", həm də "Soğuk kahve" olan hər bir oxuyucu bu kategoriyaya daxil edilə bilər.



yes...

4. arxeoloqlar - Tanınmaz Bilinməzovu tanımırsan?! : bu tiplər nadir olaraq görünsə belə, varlığını davam etdirməkdə israrcıdır. esas xüsusiyyətləri ədəbiyyat professorlarının belə tanımadığı, bilmədiyi bilməm hansı avropa və ya uzaq şərq yazarının oxuyucusu və müdafiəçisi olmaqdır. heç kimsə oxuduqları kitabların və ya yazarların var olub-olmadığını bilmir, çünki, əsla adlarını belə eşitməmişlərdir. bunların bir alt kateqoriyasıda ancaq qədim kitabları oxuyanlardır ki, yenə oxuduqlarının çox bilinməməsi səbəbi ilə bu kateqoriyaya girirlər. ən asan tanıma: ədəbiyatının bilindiyi İngiltərə, Fransa, Türkiyə, İran, Rusiya və Azərbaycan əvəzinə "isveçrə" deyin, "moğolustan" deyin, "banqladeş" deyin. Əminəm oralarda  bir möhtəşəm yazar olduğundan ağız dolusu danışacaqdır.


komiks deyə bir şey var..



5. asançılar - Supermen fanatları. Onlara bu adı kitab oxumaq əvəzinə, komiks oxumalarının daha yaxşı olacağını xatırlatmaq üçün verilib. bu tiplər kitabların içinə görə yox, çölünə görə qiymətləndirir. daha doğrusu: nazikliyi və şəkillərin sayına görə. olduqca zəif oxuyucu olan bu tiplərin tək üstünlüyü isə daha əyləncəli kitablar oxumasıdır. Onları komikslərə və ya mangalara yönəltmək lazımdır. tanımağın ən asan yolu: 15-24 yaş arası və çoxluqla oğlanlar. 



noüüüü ma"am.



6. entəllər - Fransızlar. bu tiplərin bircə boynunda yaylıq və başlarında şlyapa əksikdir. ideal oxuma vəziyyətlərini bir ocağın və ya pencərənin kənarındə, əllərində iri bir fincanda kofe olaraq təsvir edirlər. yalnız seçkin yazarların melonxolik əsərlərini oxuyan bu tiplərin tək mənfi xüsusiyyəti isə, dünyada kitab oxuyanın yalnızca özləri olduqlarının düşünməsidir. 18-ci əsrin Fransız kontessası kimi danışan bu tipləri anlamaq olduqca çətindir. siz anlamazsanız, onlar öz kitablarına və -var isə- pişiklərinə meyil salar, süzgün gözlərini bir anlıq sizə dikib, uzaqlaşarlar. tanımaq üçün: sadəcə "kitab" deyin və onun söylədiklərini dinləyin. eyni cümlədə 3 "intibah", 2 "franssız" və 5 indi xatırlamadığınız "post-"lu-filan bir şeylər dediysə, təbrik edirəm.




and boys, never falling love of you.



7. xəyalpərəstlər- Alice. bu tiplər öz möhtəşəm xəyal gücləri ilə ön plana çıxmaqdadır. problem ondadır ki, bu xeyal gücü bəzən şizofreniyanın başlanğıcı həddinə çata bilir. əsasən əsərlərdəki baş qəhraman yerində özlərini təsəvvvür edən bu insanlar, vaxtında müdaxilə etmədikdə işi böyüdə bilərlər. bir dəfəsində özünü Sanço Pançonun eşşəyi olaraq xəyal edən birini tanımışdım... yalnızca
özlərinə zərərləri olan bu insanları bəzi kitablardan uzaq tutmaq gərək. örnək: "Mənim Mübarizəm". 
tanımaq: gərək yoxdur. ilk cümlələrindən etibarən "mən bunu hardasa oxumuşam?." sualı beyninizdə cövlan edəcək onsuzda.



və əsla sevgilisi olmadı...



8. yalquzaq - eynəklilər. bu tiplərin mütləq eynəyi olması gərəkməz, eynək əslində beyinlərindədir. kitablara sevdikləri üçün deyil, öyrənmək üçün bağlı olan bu insanların dostları çox deyildir və bəzi məlumatlara görə, əks cinslə də çox söhbət etməzlər. kitablar təkliyi, təklik asosyallığı və asosyallıq tənhalığı çağırır...əsasən elmi kitablar oxuyan bu tiplərin ortaq özəlliyi tələbə və ya bir şəkildə bu statusa yaxın bir işdə işləyir olmalarıdır. Əslində, danışsalar olduqca maraqlı və bilgili söhbət edə bilmə qabiliyyəti olan insanların tək problemi danışmamaqlarıdır. asan tanıma: mümkün deyil. Görünməz kimidirlər. Ancaq və ancaq gözünüzün ucu ilə sadə geyimlə və mütləq qalın bir kitab oxuyarkən görə bilərsiniz. üzünüzü çevirdikdə isə... necə yox olduqları bilinmir.


hmfff, kitab qoxusu...


9. ətir sevərlər - La parfumme. istər inan, istər inanmayın sırf yeni kitab qoxusu üçün kitab alan insanlar tanıdım. yəni, bu kitabı oxumaq üçün alan insanın, o təzə kitab qoxusunu ciyərlərinə çəkib, zövq alması deyil. Kitabı sadəcə qoxlamaq üçün almasıdır. sadəcə, təzə də deyil; köhnə, nəmli, kifləmiş və s. kitab qoxularını sevən insanlar bunlar... Necəki şərab dequstatorları sadəcə iyləyərək hansı ildən və marka olduğunu deyə bilir, onlar da kitabın yaşını və hansı şəraitdə saxlanıldığını bilirlər... Tanımaq: sadəcə əlinizə təzə bir kitab alıb, başbarmağınızla vərəqləri tez-tez buraxın. tələyə düşən dovşan misalı çiyninizin üstündə başı bitəcəkdir. hazır gözləri yumulu ikən yaxalayın məncə.


hiyaaaaaaa!


10. oxuyucu- son kitab bükücü. bu tiplərin adı sadəcə "oxuyucu"dur. çünki sadəcə və sadəcə oxuyucudurlar. "Səfillər"dən tutmuş, qrip dərmanının istifadə göstərişlərinə qədər hər şeyi eyni sürət, dəqiqlik və maraqla oxuyurlar. əllərinə keçən hər kitab, kağız parçası, hətta paltar etiketi belə oxunmamış buraxılmaz. Onlar üçün oxumaq bir zövq, əyləncə deyil, samuray misalı girdikləri döyüşdür və bu döyüşdən mütləq qalib ayrılmalıdırlar.  tanımaq üçün: "oxuyucu" olduğundan şübhələndiyiniz birin yanından keçərkən əlinizdəki qəzet parçasını, kitab vərəqini və ya hər hansı çap yazılı kağızı yerə salın. 5 addım getdikdən sonra geriyə başdıqda okağız o insanın əlindəysə və böyük bir ciddiyətlə oxuyursa- təbriklər!





Təbii ki, yuxarıda yazdıqlarımın bir qismi gərçək olsa belə, çoxu zarafatdır və hər bir tip mütləq bir kitab sevərdir. sevmə və göstərmə şəkilləri bir az fərqli olsa belə. Yazının əvvəində dediyim kimi, hər birimiz bu kateqoriyalardan ən az birinə aidik.


çaoo