musiqi

təhlil etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
təhlil etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

10 Kasım 2015 Salı

Alcernon üçün güllər. ( Flowers for Algernon)


                  Alqernon üçün güllər.
Deniel kiz.
   Bu kitab haqqında Aybənizin yazısını oxuduqdan sonra onu oxumaq ehtiyacı hiss etdim. Bu elə bir ehtiyac idi ki, sanki orada yazılan hər kəlməni, hər cümləni, hər hissi, hər hadisəni anlaya biləcəyimə əmin idim və bu əminliyimi təsdiqləməliydim. Təstiqlədim.

   Kitab, Çarli adındaki İQ-su 68 olan gəncin daha ağıllı olmaq üçün üzərində sınaq keçirilməsinə razı olmasından və bu sınaq mərhələsində bütün yaşadıqlarını gündəlik halında yazmasından ibarətdir. Çarli, anası tərəfindən ağıllı olmadığı üçün rədd edildiyinə inanır və əgər ağıllı olsa, hər şeyin daha yaxşı olacağına, hər kəsin onu sevəcəyinə əmindir.  Bu sınaq isə ən birinci siçanlar üzərində yoxlanılıb və uğurlu alınan tək sınaq Alqernon adı siçan üzərində olub. Çarlidə də əməliyyat uğurla keçir və zəkası sürətlə yüksəlməyə başlayır. Eyni zamanda isə Alqernonun hərəkətlərində qəribəlik hiss olunmağa başlanır. Alqernon, zəkasını itirir...

   Əsərdə əqli cəhətdən zəifliyi olan insan təsviri çox əla alınıb. Dəfələrlə şahid olduğum saflıq, dost olmağa çalışma, insanı riqqətə gətirən sonsuz inam. Tək fərqi Çarli, uşaqlığında yaşadığı və ancaq zəka səviyyəsi yüksəldikcə onda necə izlər qoyduğunu dərk edəcəyi  travmalar sayəsində “ağıllı olmaq” istəyir. Hə, ağıllı olmaq. Ağıllı olmalıdır ki, anası onu sevsin. Ağıllı olmalıdır ki, daha çox dostları olsun. Ağıllı olmalıdır ki, o da hər kəs kimi olsun. Əslində, Çarli olduqca ağıllıdır – zəkanın ən böyük mənfisi olan “fərqli olduğunu dərk etmə” səviyyəsində ağıllıdır. Elə bu fərqli olduğunu dərk etmə Çarli əqli cəhətdən geri olduqda da, üstün olduqda da ona əziyyət verir. Məncə, elə əsərin ana fikri də budur:  çoxluqdan biri deyilsənsə, əzab çəkəcəksən. Çarlinin bəxti onda gətirmişdi ki, əvvəllər əzab çəkdiyini hiss etmirdi, daha doğrusu, zəkası yüksəlməyə başlayanda  “qəzəb” və “şübhə”ni kəşf edənədək bunu hiss etmirdi.  Qəzəb – onu araya qoyan uşaqlara, onu qardaşlarına döydürən qıza, köhnə məhəlləsində üst-başını ifrazatlarına bulayan oğlanlara, dostu hesab etdiyi, əslində onu dolayan iş yoldaşlarına olan qəzəb. Hər kəsə, hər şeyə olan sonsuz şübhə.  Adi bir insanın illər ərzində öyrənəcəyi, hiss edəcəyi şeyləri bir neçə həftə ərzində yaşayan zavallı Çarli...

    Digər bəyəndiyim nüans isə Çarliyə yazığınızın gəlməməsidir. Yəni, onun uşaq saflığı ilə yazdıqlarını oxuduqca doğmalaşırsan. Balaca uşağın şirin-şirin danışması kimi zövq verir adama. Hələ bir Çarlinin durğu işarələrini öyrəndiyi hissədə lap ürəkdən gülürsən. Əsərin ağırlığı Çarlinin zəkası artıqca başlayır. Onunla bərabər hiss edir, anlayır, qəzəblənirsən. Və ona acıyırsan... Böyüyürsən. Çarli də böyüyür. Tək əqli cəhətdən yox, duyğu cəhətdən də. Aşiq olur, qısqanır, ehtirası hiss edir – Kiçik Çarli isə burada qorxmağa başlayır. “Ağıllı Çarli”nin xanım Kinniana bəslədiyi hisslər kiçik Çarli üçün elə anlaşılmaz olur ki, onu dayandırır. Çarlı elə burada əslində dəyişmədiyini, əvvəlki Çarlinin şüuraltında olduğunu, onu izlədiyni bilir. Lakin o da hər kəsin ona etdiyini edir – Çarlini aldadır. Fay Lilman ilə münasibəti boyunca kiçik Çarlini qaranlıqda qoyur, zehnini  ona bağlayır. Məncə, əsərin dönüm nöqtəsi buradır. Indiyə qədər getdikcə özünə edilənləri bağışlamayan Çarli Qordon bu dəfə özü-özünü rədd edir, qəbullanmır.

    Ağır=ağır xatirələrini dərk etdikcə, kiçik Çarlini anlamağa başlayır. Anası, bacısı, yediyi kötəklər və anasının niyə onu istəmədiyi... Əslində, yazıçı burada insanların uzun müddətdir görməzdən gəldikləri, ört-bas etdikləri bir mövzuya toxunur : əqli zəifliyi olan insanların intim münasibətlər haqqındaki bilgiləri, düşüncələri, ehtiyacları. Kiçik Çarli ilkin yeniyetməlik dövründə öz cinsiyyətini kəşf etmə prosesində o qədər anasından kötək yeyir ki, bunun cinayət, qadağa olduğu hissinə qapılır. Ağıllı Çarli bunu kəşf etdikcə onu anlamağa başlayır. Və kiçik Çarli ona icazə verir.

    Çarli iç dünyasında keçmiş xatirələri və aldığı travmalar ilə mübarizə etdikcə, xaricdə də getdikcə daha da ağıllanır. Belə ki, onu əməliyyat edən, ya da onların dediyi kimi “fərd edən” professorlardan belə ağıllı olur. Onların əslində öz problemləri, qorxuları, şişirilmiş eqoları olan adi insanlar olduğunu anladıqca heyrətlənir.  Zəkasının ən pik nöqtəsində isə professor olan “adi adamların” gözündən qaçan dəhşətli gərçəyi kəşf edir – Zəka yüksəlməsi baqi deyil. Yüksəldiyi sürətdə aşağı düşəcək, hətta əvvəlkindən aşağı olacaq.  Beləcə, qalan az vaxtını bu araşdırmaya sərf etməyə qərar verir...


   Əsərdə toxunulan digər mövzu Çarlinin xanım Kinniana olan sevgisidir. Məncə, əvvəllər getdiyi əqli zəiflər üçün məktbədə müəllimə olan Kinniana bəslədiyi sevgidən daha çox, ilk əsil şəfqət gördüyü qadına bağlılıqdır. Bəlkə də elə buna görədir ki, Çarli Kinnianla yaxınlaşmağa çalışdıqca onu anası ilə eyniləşdirən və bu cür münasibətlərin “Qadağan!” olduğunu düşünən kiçik Çarli ona manə olur. Bu münasibət elə Kinnianın özü üçün də çətindir. Əvvəllər bir şeyi öyrətmək üçün dəfələrlə təkrarlamalı olduğu insan qarşısında “böyüyür” və ona cavab vermək, təfəkkürünə yetişmək nəinki çətin, artıq imkansızdır. Aralarındakı münasibəti alovlu eşq yerinə, qarşılıqlı şəfqət kimi dəyərləndirməyi seçirəm.

   Qaranlıq qalan tək nöqtə Çarli, anası və bacısı arasındaki münasibətdir. Əsər boyunca Çarli xatirələrini kəşf etdikcə görürük ki, anası Çarlinin bacısına bir zərər verməsi qorxusu ilə rədd edir. Bu qorxunun səbəbinin fiziki şiddətmi, yoxsa bir başqa şey olduğu qaranlıq qalır. Bu yazıçının seçimimi, yoxsa anlaşılmayacağını düşündüyü üçün etdiyi bir ixtisarmı, və yaxud tamamilə təsadüfmü, mənə aydın deyil.
   Ümumilikdə əsəri yüksək qiymətləndirmək olar. Hadisələrə və insanlara Çarlinin gözü ilə baxmaq, onunla bərabər hiss edib, böyümək təkrarolunmaz hissdir. Mütləq oxunmalı.



11 Nisan 2015 Cumartesi

Çalıquşu

Neçə vaxtdır Çalıquşu- Fəridə haqqqında yazmaq istəyirdim. Lakin, bu gün film şənbəsi olduğundan, serialı haqqında yazmaq qərarına gəldim. Bildiyiniz kimi, serialın iki versiyası var: 1986 və 2013. Hər-halda, sarışın və yaşıl gözlü Kamuranı qaraqaş-qaragöz Burak bəyin canlandırdığı və Fəridənin mübarizəsi əvəzinə mıymıntı bir eşq hekayəsinin anlatıldığı 2013 versiyası haqqqında yazacaq halım yoxdur J

 Köhnə- doğma versiyası haqqında yazmaq istəyirəm. serial 1986-cı ildə, TRT kanalının sifarişi ilə çəkilib. Rollarda : Aydan Şener, Kenan Kalav, Sadir Alışık və başqaları var. Serialın unudulmaz musiqiləri Esin Engin imzası daşıyır.  7 bölümdən ibarətdir və öz dövründə Rusiya və bir çox türk dövlətlərində məşhur olmuşdur.
   Serialla kitab arasında kiçik fərqlər var – daha doğrusu, bu fərqlər bütün bir kitabı və 10 ildən çox zaman müddətində baş verən hadisələri 7-cə bölümə sığdırmaq səbəbindəndir. Serialın ilk bölümü Fəridənin xatirələri ilə başlayır : minbaşı olan atasının bitməz bilməz səyahətləri, anasının xəstəliyi, xalasigə gətirilməyi – tək fərqli nuans, bəlkə də Fəridənin “vəhşiliyinin” səbəbi olan ərəb mürəbiyyəsi və atasının çavuşu haqqında danışılmaması.  Sonrasında, Fəridənin yeniyetməlik dövrü başlayır... özünün tamamilə əksi olan Kamuranlı günlər. Onun dilindən desək, Allah Kamuranı səhv yaratmışdı. O, qız, Fəridə oğlan olmalı idi, sonra da Allahın əmri, peyğəmbərin kəbni ilə...
   Burada aktyorların möhtəşəm canlandırmaları insanı əsir edir : Aydan xanım ən az bir Fəridə qədər çılğın idi, Kenan bəy də bir Kamuran qədər soyuqqanlı. Öz rollarını elə ifa edirlər ki, kitabdan çıxmış kimidirlər. O, məşhur yellənçək səhnəsində belə bu hiss olunur – ilk dəfə Fəridəyə meydan oxuyan Kamuran, ilk dəfə Kamurana boyun əyən Fəridə. Və... qara xəbərli qara çarşaflı qadın.

  Sonrasında, Fəridənin azadlığı, ya da əsarəti başlanır. Ömrünü kiçik uşaqlara elm öyrətməklə keçirməyi xəyal edən bu qadın, Xədicə xanımdan ilk dərsini alır : Çarşabını bağla, hocaxanım.
  Sonrasında, hadisələr bir-birini izləyir; Münisə, bağlanan məktəb, köç, “tanrıdan boyalı” üzünə görə çəkdiyi əziyətlər və danışmasam, günah ola bir şəxs – Şeyx Yusuf əfəndi. Hlə kitabda oxuyanda, çaldığı udun səsi qulaqlarımda cingildəyirdi, serialda isə həqiqətən eşitdim. Hər insanı riqqətə gətirəcək bir eşqə malik bu insanın çaldığı musiqi necə olar bilər? Serial bu suala cavab verir.
   Adını “gulbəşəkər” qoyurlar... Nəzmiyyə xanımın oyunu ilə gətirildiyi məclis – kitabında bu səhnə daha çox kədərli, verilsə də, filmində daha dramatik verilib. Dəyişməyən tək şey isə, Fəridənin anlamadığını, uşaq olan Münisənin anlaması idi. əksik olan tək bir şey vardı: “Səni də anam kimi ədəcklərindən qorxdum”
   Qara günlər bitmir əlbəttə; aclıq, səfalət, dedi-qodular və daha min cür bəla. Zeynilər kəndində rastlaşdığı Hayrullah bəyi yenidən gördükdə, bunlar dəyişir. Sadri Alışık bəyin möhtəşəm aktyorluğu bu sevimli qocaya elə can verib ki, insan lap filmə girib, yanaqlarını sıxmaq istəyir J  ikisi də könlünü eyni şeyə : biri kiçik ayıcıqlarını sağaltmağa, diyəri kiçik körpələri öyrətməyə vermiş bu qəlbiqırıq insanlar bir-birinə dəstək olurlar. Elə bir dəstək ki, Fəridənin böyük ağrısından – ana olmadan,övlad itirməsindən sonra əsil ata-qıza çevrilirlər. Lakin, insanlar bunu anlamır, anlamaq istəmir – Xədicə xanımın dediyinə əməl etməmək; başıaçıq Hayrullah bəylə gəzmək, camatın onları bütün fəlakətlərin səbəbi olaraq göstərə bilməsinə bəs edir. Fəridəni bunlar qarşısında tək qoymaq istəməyən Hayrulla bəy, ona evlənməyi təklif edir.
  Getdiyi hər yerdə dəfələrlə, zorla “qadın” olduğu başına qaxılan Fəridə, nə özünün kişi, nə də onun qadın olduğunu ağlına belə gətirməyən bir insan ola biləcəyinə inana bilərdimi? Elə bir adam ki, ölümündən sonra belə onu xoşbəxtliyə itələyir.

Və yenə Fəridə ilə Kamuran. Uşaqlığındakı kimi boynunun arxasına qar, gözlərinə qum doldurmadan, başına daş atmadan da onu incidə, ağrıda bilir Fəridə. Özü bundan qat-qat artıq ağrımamışdımı? Bəlkə də, bunu bildiyindən susur Kamuran. Fəridənin adını ağzına almağa haqqı olmadığını bildiyindən, susur...
  Illərdir ordan-ora savrulmuş, əziyyət çəkmiş, ağır itkilər vermiş bu qadın kiçik bir xoşbəxtliyi özünə rəva bilir ancaq : “mən gülbəşəkəri çox sevdim”...
Sonunun necə olacağını kitabı oxuyanlar bilər. Təbii, serialda son bir azcıq fərqlidir. Mənə qalsa, hər iki sonra əladır. Çünki, son da başlanğıcla eynidir J

Belə, aktyorları, musiqiləri, görüntüləri (ilini nəzərə alsaq, aşağı keyfiyytli olmasını bağışlamaq olar) və möhtışım ssenarisi ilə unudulmaz bir serial. Izləməyinizi məsləhət görürəm. özüm də, bunları yazdığım vaxt, uşaqlığımın en sevimli serialına bir daha nəzər saldım J

13 Ocak 2015 Salı

Monte Kristo kontu

                                   

 Monte Kristo kontu
Hardasa, 2 həftə əvvəl televiziyada bir filmin başldadı və mən adını səsli şəkildə oxudum: Monte Kristo kontu.  Atam, bu adın tanış gəlib- gəlmədiyini soruşdu. Bir kitab adı olduğunu bildiyimi və böyük ehtimalla oxumadığımı dedim. Atam əsəri oxuduğunu deyib, ümumi məzmunu danışmağa başlayanda isə, onu dayandırıb “ bu insan həpsxanadan qaçmaq üçün ölü birinin  yerinə keçmir ki? Sonra, onu dənizə atırlar?.”, “bəs oxumamışdın?” –dedi atam və mən hələ də əvvəllər oxumadığımı düşünürəm. bu hissəsini necə bildiyimi isə, anlaya bilmirəm. elə həmin gün, pdf versiyasını yüklədim və oxumağa başladım. 1 saat əvvəl bitdi...

Bir intiqam hekayəsidir bu. Uzun, bəzən cansıxıcı və insanı təəccübləndirən bir intiqam hekayəsi. Gənc, dəli-dolu və nəşəli bir dənizçi olan Edmond Danteslə başlayır əsər. Atasını sevən, Mersedesə aşiq, cəmi 1 dəfə kapitanı ola bildiyi “Firon”un anbarında qaçaqmal bir qutu tütün, bir neçə top parçada gətirməkdən başqa bir cinayət işləməmiş bu məsum adam. Sonra, bu adam xəyanətə uğrayır. Onu 14 il İf köşkünə həbs edən 3 nəfərin paxıllığı və 1 nəfərin hərisliyidir. Öncə ölmək istəyir Dantes, sonra isə intiqam... Ona yaşama ümidini verən də,  içindəki intiqam odunun yanmasına da səbəb olan da dəli keşiş Faria olur. Bəlkə, Edmondun edəcəklərini bilsəydi, illərdir kimsəyi var olduğuna inandıra bilmədiyi xəzinəsini ona verməzdi, onsuzda ən qiymətli xəzinəsini- bilgisini vermişdi axı!

  Əsərin başından dəstəklədiyim Edmond Dantes ölür və yerinə əsərin sonuna qədər anlaya bilmədiyim Monte Kristo kontu gəlir. Elə hər şey burda başlayır...  sadəcə kiçik bir paxıllığın qurbanı olan bu adam, bu dəfə onu arxadan bıçaqlayanların qarşısına güclü, varlı və şeytanı belə aldadacaq qədər hiyləgər olaraq dikilir. Özünün sözü ilə desək “ əllərimə öldürməyi öyrətdim, gözlərimə onlar əzab çəkərkən izləməyi öyrətdim və dodaqlarıma onların bu əziyyətləri qarşısında gülümsəməyi öyrətdim”. Bəzən bu zalımlıq, onun özünü belə təəccübləndirdi. əsəri oxuyarkən, 2 fəsil əvvəl nəyə yaradığını bilmədiyin addımın, insanın belə intiqamı üçün bir alət olduğunu anlayırsan... sona yaxınlaşdıqca, özümə tez-tez bu sualı verdim : Edmond Dantes haradadır?. Çünki, bu başqa biri idi...

Əsər haqqında fikirlərimə gəldikdə, məni ən çox heyran edən o dövrün əsərlərində olduqca nadir görünən qadın obrazların rəngarəngliyi oldu. Klassik romantik romanların bilinən “əzab çəkən məsum” Valentinedən tutmuş, öz egosu, cəsarəti və kişi xisləti ilə bir az özümü gördüyüm Eugine,( bu arada, madmazal d”Armilly ilə münasibətləri məni şübhəyə salmadı, deyə bilmərəm) həm canavar, həm ana ola bilən madam Villefort, Coderoussonun cəmi bir dəfə görünən və yenə də məni dəhşətə gətirə bilən arvadı və daha digərləri. Bunun əksinə olaraq, kişi obrazları daha solğun idi. tam bir ana uşağı olan Albert, varlığının bir dəyəri olmayan Franz, həssaslığını heç sevmədiyim Maximilen və digərləri. ən çox sevdiyi obrazlar isə, nə qədər  əsas hadisələrdən uzaq qalsalar belə Noirter və Beauchamp oldu.

əsər, mənim əlimdəki versiyası 1350 səhifədir və etiraf edim ki, ortaları bir az sıxıcı keçir. Son 300 səhifəsini isə 3-4 saat dayanmadan oxudum. Başlanğıcı necə sakit idisə, sonu da bir o qədər səssiz oldu. Monte Kristo kontu xoşbəxt ola bildimi? Bu sualın cavabını indi verə bilmərəm. Çünki, mənə görə, ancaq o, nəşəli Edmond Dantes xoşbəxt ola bilərdi, bu qəlbini intiqam alovu qarsımış insan isə, nə qədər yaxşılıq etmişsə etsin, əsla tam olaraq xoşbəxt ola bilməz. Bu əsərin mənə öyrətdiyi bir şey varsa, o da ümidsizliyin içində yenidən doğulan insanların nə qədər qorxunc ola biləcəyidir.  O qədər qorxunc ki, məzlum ikən, zalım ola biləcək...

məncə oxunmalı əsərlər siyahısındadır, hətta, mütləq oxunmalı.


Qeyd: bu kitabı bir növ “silah gücünə” bitirdim. Bu 2 həftədə “ süpermen türk olsaydı pelerini annesi bağlardı” və “cahillikler kitabı”nı belə bitirmişkən, gündə 50 səhifə ondan oxumağa özümü məcbur edirdim. Sadəcə, bu qədər çox səhifəsi olan bir kitabın bitməsini istəmirdim deyəsən. Çünki, sonun məni əsla təmin edə bilməyəcəyini düşünürdüm. Indi isə, bundan daha uyğun bir son düşünə bilmirəm.